Təhsil müəssisələrində “Azərbaycan Təhsil Kartı”nın tətbiqi

  • Cümə axşamı , 23 İyul 2020


  • 13:25

2019-cu ilin noyabr ayından etibarən ölkənin bir sıra təhsil müəssisəsində “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində “Azərbaycan Təhsil Kart”larının tətbiqi üzrə layihə həyata keçirilir.

Qeyd edək ki, sözügedən kartlar vasitəsilə tələbələr təqaüdlərini ala, ölkə daxilində və xaricdə bu kartlarla ödənişlər həyata keçirə bilərlər. Kart sahibi olan tələbələr regionlarda yaşayan valideynlərinin göndərmək istədiyi maliyyə vəsaitini də məhz bu kartlara yüklənilməklə rahat şəkildə əldə edə bilərlər.  Təhsil kartını təhsil müəssisəsi, kitabxana və oxu zallarına giriş üçün də istifadə etmək mümkündür.  Gələcəkdə təhsil kartının imkanlarını daha da genişləndiriləcək, tələbələr bu kartlardan ictimai nəqliyyatda, xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində də istifadə edə biləcəklər.

Hazırda layihə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tətbiq olunur və ümumilikdə 39 927 nəfər tələbə artıq təhsil kartları ilə təmin olunublar. Layihənin əhatə dairəsinin daha da genişləndirilməsi və digər təhsil müəssisələrində də tətbiqi istiqamətində işlər aparılır. 

Qeyd edək ki, layihə Təhsil Nazirliyi, Mərkəzi Bank, “Mastercard” və "Kapital Bank"ın dəstəyi ilə həyata keçirilir.