Təhsil müəssisələrində “Azərbaycan Təhsil Kartı”nın tətbiqi

  • Çərşənbə axşamı , 6 Oktyabr 2020


  • 13:25

2019-cu ilin noyabr ayından etibarən Təhsil Nazirliyi ilə Mərkəzi Bankın əməkdaşlığı çərçivəsində ölkənin bir sıra təhsil müəssisəsində “Azərbaycan Təhsil Kart”larının tətbiqi həyata keçirilir. Layihə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində icra edilir.

Qeyd edək ki, sözügedən kartlar vasitəsilə tələbələr təqaüdlərini ala, ölkə daxilində və xaricdə bu kartlarla ödənişlər həyata keçirə bilərlər. Kart sahibi olan tələbələr valideynlərinin göndərmək istədiyi maliyyə vəsaitini də məhz bu kartlara yüklənilməklə rahat şəkildə əldə edə bilərlər.  Təhsil kartını təhsil müəssisəsi, kitabxana və oxu zallarına giriş üçün də istifadə etmək mümkündür.  Gələcəkdə təhsil kartının imkanlarını daha da genişləndiriləcək, tələbələr bu kartlardan ictimai nəqliyyatda, xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində də istifadə edə biləcəklər.

Hazırda layihə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tətbiq olunur və ümumilikdə 111 807 nəfər artıq təhsil kartları ilə təmin olunub. Layihənin əhatə dairəsinin daha da genişləndirilməsi və digər təhsil müəssisələrində də tətbiqi istiqamətində işlər aparılır. 

Qeyd edək ki, layihə Təhsil Nazirliyi, Mərkəzi Bank, “Mastercard” və "Kapital Bank"ın dəstəyi ilə həyata keçirilir. Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetində tələbələr təqaüdləri smart tələbə kartları vasitəsilə alırlar.