TƏHSİL SİSTEMİNDƏ İKT İNFRASTRUKTURU

  • Çərşənbə axşamı , 17 Noyabr 2020


  • 13:25

2020-ci ildə Azərbaycan təhsil sistemində informasiya-kommunikasiya üzrə maddi-texniki baza təkmilləşdirilmiş, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işi davam etdirilib. Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin olunması məqsədi ilə ölkə üzrə 9000 ədəd noutbuk, 262 ədəd robot dəsti, 400 ədəd proyektor təhsil müəssisələrinə çatdırılıb, quraşdırılıb və aktivləşdirilib. Bununla yanaşı, 79 təhsil müəssisəsində videomüşahidə sistemi genişləndirilib, 328 təhsil müəssisəsi isə internet sürətinin artırılması məqsədi ilə avadanlıqlarla təmin edilib.

 

Təhsil Nazirliyi tərəfindən Azərbaycanın ən böyük daxili təhsil şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsini (ATŞ) genişləndirilib. Beləki, hazırda ümumi olaraq ölkə üzrə 4140 təhsil müəssisəsinin təhsil sisteminin korporativ İntranet və İnternet şəbəkələrinə çıxışı təmin edilib. Bunlardan 343 fiber-optik, 1836 ADSL və 1961 simsiz rabitə kanalı vasitəsi ilə ATŞ-ə qoşulub. Həmçinin, cari ildə 225 təhsil müəssisəsində yeni lokal şəbəkələr yaradılıb, 140 təhsil müəssisəsində lokal şəbəkələr genişləndirilib, 30 təhsil müəssisəsi fiber-optik qoşulma növünə keçirilib, 250 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin təşkil olunması məqsədi ilə ayrılmış kompüterlərin ATŞ-yə və internet şəbəkələrinə çıxışı təmin edilib.

 

Xatırladaq ki,  ATŞ-yə qoşulmuş təhsil müəssisələri intensiv trafik tələb edən proqramlardan, videokonfranslardan və Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində yerləşdirilmiş elektron tədris resurslarından sürətli və təhlükəsiz formada istifadə etmək imkanına malikdir. ATŞ-yə qoşulmuş təhsil müəssisələrində internet süzgəcləmə sistemi tətbiq olunur ki, bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir.