KADR POTENSIALININ GÜCLƏNDİRİLMƏSİ

  • Çərşənbə axşamı , 17 Noyabr 2020


  • 13:25

Təhsil Nazirliyi tərəfindən hər il təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyəti üçün İKT savadlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlər bu il də davam etdirilib.

Belə ki, cari ildə peşə təhsili sahəsində fəaliyyət göstərən təhsilverənlər üçün tədrisdə İKT və müasir texnologiyalar üzrə 600 nəfərə təlim təşkil olunub. Təlimlərdə İKT-nin əsasları (Cisco Akademiyası), kommunikasiya və məhsuldarlığın artırılmasında “Microsoft Office” proqram təminatı, kibertəhlükəsizliyin əsasları, Peşə Təhsili İnformasiya Sistemindən istifadə kimi mövzular əhatə olunub.

Bununla yanaşı, ümumtəhsil, peşə, ali təhsil müəssisələrinin pedaqoji, inzibati idarəetmə və köməkçi heyətini, həmçinin təhsil idarələrinin (təhsil şöbələrinin) işçilərini əhatə edən təhsildə İKT-nin tətbiqi üzrə ixtisasartırma və stajkeçmə təlimləri keçirilib. “Microsoft Teams”, “STEM”, “Python” proqramlaşdırma dili, “PolyUp” platforması, müxtəlif elektron resurslar və interaktiv həllərin tədrisdə tətbiqini əhatə edən bu təlimlərdə ümumilikdə 25 min nəfər iştirak edib.

Onu da qeyd edək ki, “Virtual Məktəb” platformasında müəllimlərin bilik, səriştə və peşəkar bacarıqlarının inkişafı məqsədilə davamlı olaraq onlayn təlim və vebinarlar təşkil edilir. Bu tədbirlərdə real vaxt rejimində iştirak edə bilməyən müəllimlər üçün dərslərin videoyazısı “Microsoft Stream”in “Virtual məktəb” kanalında yerləşdirilərək təkrar izləmək imkanı yaradılır.