Lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək

  • Çərşənbə , 26 May 2021


  • 13:25

2021-2022-ci tədris ili üzrə lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib. Dəyişikliyə əsasən ilkin olaraq seçilmiş 15 pilot təhsil müəssisəsində qəbul prosesi mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.

Mərkəzləşdirilmiş qəbul prosesi zamanı şagirdlər konkret bir təhsil müəssisəsinə qəbul üçün deyil, imtahanda iştirak üçün onlayn qeydiyyatdan keçirlər. Bu daha sonra şagirdlərə imtahan nəticələrinə, yəni toplanılan bala uyğun olaraq, müvafiq lisey və gimnaziya seçimi etməyə imkan yaradacaq. Yeni mexanizmə əsasən, şagirdlər bir neçə təhsil müəssisəsinə qəbul üçün sorğu göndərə biləcəklər. 

Mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün valideynlər şagirdlərin yerdəyişməsi elektron xidmətində (https://sy.edu.az) şəxsi kabinet vasitəsi ilə  lisey və gimnaziyalara qəbul üzrə təqdim olunmuş 3 seçimdən “Mərkəzləşdirilmiş imtahana qeydiyyat” bölməsini seçməlidirlər. Qeydiyyat zamanı valideynlər onlara daha yaxın və uyğun olan imtahan mərkəzini seçə bilirlər.

Sözügedən elektron xidmət valideynlərə qəbul prosesinin bütün mərhələləri üzrə mövcud status barədə məlumat əldə etməyə, yeniliklər barədə anında xəbərdar olmağa və operativ dəstək xidmətindən faydalanmağa imkan yaradır.

Qeyd edək ki, sistem istifadəyə verildiyi 2 gün müddətində artıq 3 mindən artıq şagird mərkəzləşdirilmiş imtahanda iştirak üçün qeydiyyatdan keçib.

Qəbul imtahanlarının vaxtı aşağıdakı kimi təyin edilmişdir:

-       16 iyun 2021-ci il tarixdə VI siniflərə qəbul ( hal-hazırda V sinifdə oxuyanlar üçün)

-       17 iyun 2021-ci il tarixdə V siniflərə qəbul ( hal-hazırda IV sinifdə oxuyanlar üçün)

-       18 iyun 2021-ci il tarixdə VII siniflərə qəbul (hal-hazırda VI sinifdə oxuyanlar üçün)

-       21 iyun 2021-ci il tarixdə isə VIII və IX siniflərə qəbul (hal-hazırda VII və VIII sinifdə oxuyanlar üçün)

Mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı aşağıdakılardır: S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası, A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziya, S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyası, S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziya, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi, Kimya-biologiya Təmayüllü Respublika liseyi, Texniki-Humanitar lisey,  2 nömrəli Texniki-Humanitar lisey, 147 nömrəli Texniki-Humanitar lisey, 291 nömrəli Ekologiya liseyi, Şəki, Şəmkir və Şirvan şəhərlərdə yerləşən Kimya-biologiya Təmayüllü Respublika liseyləri, Quba və Gəncə şəhərlərdə yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyləri.