Müasir dövrdə ölkələrin inkişafı müxtəlif sahələr üzrə rəqəmsallaşma,
yeni texnologiyaların aktiv tətbiqi və insan iştirakı olmadan ən yeni sahələrin
sürətli inkişafı ilə səciyyələnir. Dünyada artan bu rəqabətə davam gətirə
bilmək üçün isə iqtisadiyyatın inkişafı müasir və güclü təhsilə arxalanmalıdır.
Bu baxımdan, son illər ölkədə təhsilin rəqəmsal transformasiyası üzrə sistemli
və ardıcıl islahatlar həyata keçirilir.
Təhsilin modernləşdirilməsi üzrə görülən tədbirlərin tərkib hissəsi
kimi, əsas istiqamətlərdən biri təhsilin rəqəmsal idarəedilməsidir. Bununla
əlaqədar, cari ildə Təhsil Nazirliyinin təqdim etdiyi bütün elektron xidmətləri
vahid məkanda birləşdirən https://portal.edu.az/ platforması istifadəyə verilmişdir. Vətəndaşlar platformada
qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsi ilə rahatlıqla müvafiq
elektron xidmətlərdən faydalana bilirlər. Bu xidmətlər sırasında hazırda “Müsabiqə
və Olimpiadalar” bölməsi vasitəsi ilə Respublika Fənn Olimpiadalarının təşkili
həyata keçirilir. Olimpiadaların idarəolunmasında tətbiq olunan bu mexanizm proseslərin
çevik və keyfiyyətli təşkilinə şərait yaradır.
A. Ərizələrin
elektron qəbulu. Şagirdlər heç yerə getmədən öz şəxsi kabinetləri vasitəsi keçirilən
müsabiqə və olimpiadalar barədə məlumat əldə edir və iştirak üçün rahat şəkildə
müraciət edə bilirlər. Müraciət göndərildikdən sonra sistemdə şagirdlərə
imtahan tarixi, məkanı və digər detallar qeyd olunmuş buraxılış vərəqələri
təqdim edilir.
B. Məlumatların
izlənilməsi. Şagirdlər, həmçinin, şəxsi kabinetlərində öz nəticələri, müsabiqə və
olimpiadaların hazırda hansı mərhələdə olduğu və digər yeniliklər barədə
məlumatları izləyə bilirlər. Bu isə, proseslərin mövcud statusu barədə çevik
məlumat əldə edilməsini və istənilən məkandan yoxlanılmasını əlçatan edir.
C. İştirakçıların
mükafatlandırılması. Olimpiada və müsabiqədə uğurla iştirak etmiş şagirdlərə sistemdə elektron
nailiyyət sənədləri (sertifikatlar) təqdim edilir. Şagirdin iştirak etdiyi
bütün müsabiqələr, naililiyyətləri və sertifikatları sistemdə saxlanılır və
şəxsi kabinetdə öz əksini tapır.
D. Proseslərin
avtomatlaşdırılması. Olimpiada və müsabiqələrin idarəolunmasının rəqəmsallaşdırılması
sistemdə imtahan mərkəzlərinin təyin edilməsinə, müraciət edən şagirdlərin
avtomatik olaraq imtahan mərkəzləri üzrə yerləşdirilməsinə, şagirdlərin ümumi
siyahısına nəzarət etməyə, müvafiq hesabatların hazırlanmasına imkan
verir.
E. Nəticələrin
təhlili. Sistemdə monitorinq imkanı vardır ki, bu da öz növbəsində, illər üzrə
keçirilən müsabiqə və olimpiada nəticələrinin təhlil olunmasına və şagird
nailiyyətlərinə əsasən effektiv tədris strategiyalarının hazırlanmasına şərait
yaradır.
Göründüyü kimi, müsabiqə və olimpiadaların idarəolunmasında
innovativ yanaşmaların tətbiqi bu proseslərin daha
keyfiyyətli, dəqiq, sürətli və şəffaf təşkilini, həmçinin, nəzarət və
hesabatlılığı təmin etmiş olur.