İyunun 9-da Təhsil naziri Emin
Əmrullayev “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb. Görüşdə “Cisco”
şirkətinin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Sperou, Azərbaycan
üzrə baş direktor Ramil Eyyubov, MDB ölkələrində Strateji Müştərilər üzrə direktoru
Vladimir Orlov və ərazi üzrə məsul meneceri Fərid Zeynalov iştirak ediblər.
Görüşdə “Cisco” şirkəti ilə
əməkdaşlıq çərçivəsində Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlər
barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Təhsil Şəbəkəsinin
quruluşu çərçivəsində “Cisco” şirkəti ilə yaxından əməkdaşlıq
edilib. Şirkətin təqdim etdiyi həllər vasitəsilə təhsil müəssisələrində
İP-telefoniya, videokonfrans rabitə sistemi, vahid təhsil platforması
yaradılıb. Ötən il ərzində tətbiq olunmuş “Cisco Umbrella” texnologiyası
vasitəsilə Azərbaycan Təhsil Şəbəkəsinin təhlükəsizliyi və məzmununun (Internet
sorguları) süzgəclənməsi keyfiyyətlə gücləndirilib.
Bildirilib ki, hazırda “Cisco” şəbəkə
akademiyalarının Azərbaycanda sayı 21-ə çatdırılıb. Keçən tədris ilindən Sənaye
və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində açılmış akademiya
vasitəsilə “Cisco” şirkətinin təhsil məzmunu tədris planında istifadə olunur və
digər ali təhsili müəssisələrinin təhsilverənləri üçün ixtisasartırma
tədbirləri təşkil edilir. Akademiyalarda İT texnologiyalarının əsasları
və əməliyyat sistemləri, CyberOps, DevNet, əşyaların interneti,
proqramlaşdırma, şəbəkə texnologiyaları və təhlükəsizliyi, həmçinin
kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kursları keçirilir.
Bununla yanaşı, ötən tədris ilində
şirkətlə əməkdaşlıq çərçivəsində Bakı şəhəri 46 nömrəli tam orta məktəbdə
"Connected School" pilot layihəsinin icrası müvəffəqiyyətlə başa
çatdırılıb. Layihə çərçivəsində seçilmiş pilot məktəbin “Cisco”
avadanlıqları və proqram təminatı ilə təmin edilib, təhsil müəssisəsinin
şagird, müəllim və inzibati-idarəetmə heyəti üçün təlimlər təşkil olunub,
idarəetmə və tədris prosesində informasiya texnologiyalarından effektiv
istifadəyə nail olmaq məqsədi ilə sistemli işlər həyata keçirilib.
Tərəflər əməkdaşlığın davam
etdirilməsi və birgə yeni layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi
aparıblar. Müzakirə nəticəsində “Cisco” təcrübəsinin, innovativ həll və
texnologiyalarının təhsil sahəsində tətbiqi, təhlükəsiz internet və rəqəmsal
məzmun üzrə işlərin aparılması nəzərdə tutulub.