“Rəqəmsal gələcəyə addım” müsabiqəsinin final mərhələsi keçirilib

  • Cümə axşamı , 31 Mart 2022


  • 13:25

Təhsil Nazirliyinin "Kod Saatı" qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə birgə təşkil etdiyi “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin final mərhələsi keçirilib. 


Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov “Rəqəmsal bacarıqlar” layihəsinin tədris prosesinə müasir informasiya texnologiyalarının tətbiqi, eləcə də şagirdlərin proqramlaşdırma və məntiqi təfəkkür sahəsində bilik səviyyəsinin artırılmasının əhəmiyyətini vurğulayıb. Nazir müavini qeyd edib ki, bu gün biz şagirdlərin problemlərinin həllinə yaradıcı yanaşma, komandada işləmək, liderlik və digər bu kimi bacarıqların inkişafına daha çox diqqət yetirməliyik. Bu baxımdan “Rəqəmsal bacarıqlar” layihəsi uğurlu nümunədir. 


Firudin Qurbanov müsabiqə haqqında danışaraq bildirib ki, tədrisdə müasir interaktiv texnologiyalardan istifadə etmək və “İnformatika” fənninin şagirdlərə nə dərəcədə maraqlı olduğunu nümayiş etdirmək əsas məqsəddir.


Nazir müavini məlumat verib ki, “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 2017-2018-ci tədris ilindən etibarən ümumtəhsil məktəblərində informatika fənninin yeni formatda tədrisi üzrə layihənin tətbiqinə başlanılıb. Layihənin məqsədi təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etməkdir. “Rəqəmsal bacarıqlar” layihəsi hər il əhatə dairəsini genişləndirir. Layihə bu tədris ilindən 16 şəhər və region üzrə 250 məktəbdən olan 191 min şagirdi əhatə edir.


Qeyd edək ki, müsabiqənin final mərhələsi komanda şəklində keçirilir. Burada müəyyən vaxt ərzində finalçılardan ibarət komandalar layihəni tamamlamaq üçün bir-biri ilə yarışır. Finalda respublikanın 61 məktəbindən 20 komanda - 100 şagird iştirak edir. Müvafiq işlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Həmçinin tədbir çərçivəsində “TED” danışıqları üslubunda seminar keçiriləcək.


Müsabiqədə iştirak etmək üçün 21 000 şagird qeydiyyatdan keçərək birinci mərhələdə iştirak edib. Onlardan 5500 nəfəri müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanıb. İkinci mərhələdə, ümumilikdə 3936 şagird iştirak edir.