“EdTech” Startap müsabiqəsinin qalib komandaları ilə görüşlər keçirilib

  • Cümə axşamı , 31 Mart 2022


  • 13:25

2022-ci ilin fevral – mart  aylarında Təhsil Nazirliyinin   nümayəndələri ilə “EdTech” Startap müsabiqəsinin qalib komandaları  arasında  silsilə görüşlər təşkil edilmişdir. Keçirilən görüşlərin əsas məqsədi  qalib komandaların təqdim etdikləri layihə mövzuları ilə yaxından tanış olmaq, irəli sürülən ideyanın inkişafı və reallaşması üçün dəstəyin göstərilməsi olmuşdur. Təhsil Nazirliyinin  lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektoru, həmçinin ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsindən səlahiyyətli nümayəndələr  görüşlərdə iştirak etmişlər. Görüş zamanı ideyaların müzakirəsi və gələcək planlar üzrə rəqəmsal təhsil sahəsində mövcud problemlərin innovativ həll yollarının araşdırılmasına xidmət edən layihə ideyalarının həyata keçirilməsi istiqamətində komanda üzvləri geniş məlumat verərək, yaranan sualları cavablandırmışdırlar. Növbəti mərhələdə   qalib  layihələrin ideyalarının təhsil sahəsində mövcud çağırışların həllinə uyğunlaşdırması və məhsula çevirmək imkanları araşdırılacaqdır.

Onu da qeyd etmək lazımdır ki, təhsilalanların innovativ təşəbbüslərinin aşkarlanması və dəstəklənməsi məqsədilə 2021-ci ilin noyabr-dekabr aylarında Təhsil Nazirliyi tərəfindən tələbələr arasında “EdTech Startap” Müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd tələbələrin İKT və rəqəmsal təhsilə olan maraqlarının artırılması, təhsil sahəsində mövcud çağırışlar üzrə innovativ həll yollarının araşdırılması idi.  

 3-cü yerin qalibi ADA Universitetini təmsil edən “Find Your İnstructor” komandası “Tələbələrin hazırlıq müəllimlərini asanlıqla tapa bilməsi” mövzusunda, 2-ci yerin qalibi Fransa Azərbaycan Universitetini (UFAZ) təmsil edən “Planophore” komandası “Şagird və tələbələrin biliklərini sınaya biləcəyi onlayn platformanın yaradılması” mövzusunda, 1-ci yerin qalibi isə Bakı Ali Neft Məktəbini təmsil edən “AzPlagio” komandası “Azərbaycan dilində plagiat aşkarlama platformasının yaradılması” mövzusunda layihə fikirlərini təqdim etmişdirlər.