Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə təlim səfəri

  • Çərşənbə axşamı , 24 May 2022


  • 13:25

29 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin “SABAH Magistratura” proqramının “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə təhsil alan bir qrup tələbəsi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə (TSİİ) təlim səfəri edib. 

Tələbələr TSİİ-nin struktur bölmələri və fəaliyyətləri ilə tanış olub. Daha sonra tələbələrin böyük marağına səbəb olan Data Mərkəzin təqdimatı keçirilib və təhsil sisteminə aid bütün verilənlərin serverdə saxlanılması prosesi haqqında ətraflı məlumat verilib.

Bundan əlavə, TSİİ-nin əməkdaşları tərəfindən tələbələrə “Təhsil Nazirliyinin təqdim etdiyi elektron xidmətlər”, “Azərbaycan təhsil şəbəkəsi”, “Layihələrin idarə olunması” və “Elektron xidmətlərin hüquqi əsasının formalaşdırılması” mövzularında təqdimatlar edilib. 

Təlim səfərinin sonunda TSİİ-nin fəaliyyətləri ilə yaxından tanış olmaq istəyən tələbələrə ixtisaslaşmalarına uyğun faydalı praktiki biliklər əldə etmək üçün idarənin iş prosesində 1 günlük iştirak təklif edilib.

Qeyd edək ki, ARTİ BDU, ADPU və AzTU-da həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasını və tələbələrin dərsdənkənar fəaliyyətlərini təşkil edir.