Bakıda beynəlxalq “SELFIE” layihəsinin hesabat tədbiri keçirilib

  • Cümə , 11 Noyabr 2022


  • 13:25

26-27 oktyabr tarixlərində Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi və Avropa Təlim Fondunun dəstəyi ilə  Bakı şəhərində “SELFİE” Azərbaycan 2022 və sonrası” adlı tədbiri keçirilmişdir. Azərbaycanda layihənin 2 illik icrası üzrə hesabat xarakterli keçirilən görüşün məqsədi seçilmiş pilot məktəblərində əldə edilən nailiyyətləri müzakirə etmək və "SELFIE" alətindən istifadənin növbəti mərhələlərini nəzərdən keçirmək üçün təhsil sistemində iştirak edən maraqlı tərəfləri bir araya gətirmək olmuşdur. Tədbirdə Avropa Təlim Fondunun Azərbaycan üzrə İnsan Kapitalının İnkişafı üzrə baş eksperti Margareta Nikolovska, Elm və Təhsil nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov, SELFİE layihəsi tətbiq olunan təhsil müəssisələrinin rəhbərləri, koordinator və şagirdləri iştirak etmişdir.

Açılış nitqində Vəfa Yaqublu SELFİE alətinin təhsil müəssisələrində tətbiqinin səmərəliliyini yüksək qiymətləndirərək alətin rəqəmsal texnologiyaların tədris, öyrənmə və qiymətləndirmə proseslərində istifadəsini ölçməyə imkan yaratdığını və təhsilverənlərin və təhsilalanların rəqəmsal səriştəsinin inkişafına zəmin yaratdığını bildirmişdir. O həmçinin  qeyd etmişdir ki, SELFİE aləti tətbiq olunan təhsil müəssisələri sorğuların nəticələrinə əsasən məktəb strategiyası, tədris, öyrənmə, qiymətləndirmə, infrastruktur, fənn kurrikulumları və şagird təcrübələrini əhatə edən istiqamətlər üzrə təhsil müəssisəsinin zəif və güclü tərəflərini aşkar etmək imkanı əldə edir. Nəticədə toplanmış məlumatlar əsasında hər bir təhsil müəssisəsinə rəqəmsal texnologiyadan istifadəsi üzrə Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi tərəfindən yekun hesabatlar təqdim olunur.

Tədbirdə çıxış edən Avropa Təlim Fondunun Azərbaycan üzrə İnsan Kapitalının İnkişafı üzrə baş eksperti Margareta Nikolovska alətin tətbiqi və nəticələri ilə bağlı hesabat verərək "SELFIE" alətinin növbəti tədris ilində daha çox məktəbə tətbiq etmək və aləti təhsil sahəsindəki milli islahat və prosedurlara inteqrasiya etməyin mümkünlüyünü vurğuladı.

Tədbirin ilk günündə iştirak edən məktəb komandaları müəyyən edilmiş çətinlik sahəsinə görə qrup işlərinə cəlb olunmuş və təqdim olunan çətinliyin öhdəsindən gəlməyin yollarını təqdimat şəklində nümayiş etdirmişlər.

Onu da qeyd etmək lazımdır ki, SELFIE Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi tərəfindən Avropa Təlim Fondu ilə birlikdə yaradılan ödənişsiz onlayn həlldir və Avropa İttifaqı Nümayəndəliyi ölkəmizdə məktəblərin rəqəmsal hazırlığını təkmilləşdirmək məqsədilə həllin tətbiqini ötən və cari tədris ilində həyata keçirmişdir. SELFIE alətinin Azərbaycan dilində tətbiqi üçün tərcümə işləri aparılıb və alətin tətbiqi üçün ilkin olaraq 12 təhsil müəssisəsi seçilib. Seçim ümumi və peşə təhsili pillələri üzrə regional balanslaşma, müəssisələrin infrastrukturu, müəssisədə müəllim və şagird sayı meyarları əsasında aparılıb.