İyunun 22-də Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda
“Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT
şəbəkəsinin rolu” mövzusunda tədbir keçirilib.
AMEA, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının Azərbaycandakı
nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi
“EaPConnect” layihəsini, onun imkanlarını və Azərbaycanda elm və təhsilin
inteqrasiyasına töhfəsini təqdim etmək, eyni zamanda, AzScienceNet ilə
Azərbaycan Təhsil Şəbəkəsi (AzEduNet) arasında əməkdaşlıq haqqında müqavilə
imzalamaqdır.
AMEA-nın prezidenti Akif Əlizadə çıxış edərək
tədbirin Azərbaycan elm və təhsili üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb,
dünyada davam edən ümumi inkişaf tendensiyalarına uyğun olaraq, ölkəmizdə də
yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılmasının qarşıya
məqsəd qoyulduğunu vurğulayıb.
Akademik ölkəmizin yaxın gələcək üçün inkişaf
istiqamətlərini müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasında da bu məsələlərin prioritetlər sırasında əksini tapdığını qeyd
edib. AzScienceNet ilə AzEduNet arasındakı işgüzar əlaqələrdən söz açan
akademik bu əməkdaşlıq çərçivəsində artıq ölkəmizin 13 ali məktəbinin
AzScienceNet şəbəkəsinə qoşulduğunu, hazırda digər ali məktəblərdə bu
istiqamətdə işlərin davam etdirildiyini bildirib.
Təhsil naziri Ceyhun Bayramovun “Təhsildə İKT
və Azərbaycan təhsil şəbəkəsi” mövzusunda məruzəsi dinlənilib. Nazir qeyd edib
ki, biliklər iqtisadiyyatı və innovasiyalar dövründə təhsilin inkişafı ölkənin
rəqabət qabiliyyətliliyinin vacib göstəricilərindən birinə çevrilir. Nazir
təhsil sahəsində informasiya texnologiyalarının zəruriliyini şərtləndirən əsas
amillərdən birinin İKT vasitələri ilə tədrisin keyfiyyətinin yüksəldilməsi
olduğunu bildirib. Qeyd olunub ki, təhsildə İKT-nin tətbiqinə dair ölkə
rəhbərliyi tərəfindən müvafiq proqramlar qəbul olunub və uğurla
həyata keçirilir.
Nazir çıxışında ölkəmizdə təhsil sisteminin
informatlaşdırılması, elektron dərslik, vasitə və resursların geniş tətbiq
sahələrindən, təhsil müəssisələrinin kompüter avadanlığı ilə təmin
olunmasından danışıb. Ölkəmizdə son illər uğurla həyata keçirilən müəllimlərin
diaqnostik qiymətləndirilməsi, yerdəyişməsi, tələbə transferi, birinci
siniflərə qəbul kimi layihələr məhz İKT-nin geniş tətbiqinə əsaslanır.
Nazir İKT sahəsində kadr hazırlığından danışıb, son illər bu sahəyə müraciət
edənlərin sayında artım olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edənlər, rabitə və yüksək
texnologiyalar naziri Ramin Quluzadə, xarici işlər nazirinin müavini Mahmud
Məmmədquliyev İKT sahəsində Avropa ölkələri ilə əməkdaşlıqdan, bu sahədəki
perspektivlərdən, Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən
işlərdən danışıblar.
Avropa Birliyinin EaPConnect layihəsinin
rəhbəri Mariya Minarikova tədbirdə GEANT və EaPConnect layihəsi barədə geniş
təqdimat edib.
AMEA-nın akademik-katibi Rasim Əliquliyev
rəhbərlik etdiyi qurumun AzScienceNet elm kompüter şəbəkəsinin inkişaf tarixi,
qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Çıxışlardan sonra AMEA İnformasiya
Texnologiyaları İnstitutu ilə Təhsil Nazirliyinin Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Sənədi AMEA-nın prezidenti Akif Əlizadə və təhsil naziri Ceyhun Bayramov
imzalayıblar.