Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə
müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb. 2-8 iyul 2018-ci
il tarixlərində aparılan elektron sənəd qəbulu zamanı 50 697 namizəd
qeydiyyatdan keçib. Ərizələrdəki göstəricilər araşdırıldıqdan sonra 46 757
namizədin ərizəsi qəbul olunub.
İyulun 10-da elektron
ərizəsi qəbul edilmiş namizədlərin şəxsi səhifələrinə müsabiqənin ikinci
mərhələsinin – test imtahanının keçiriləcəyi tarix və yer barədə ətraflı
məlumat göndəriləcək.
Müəllimlərin işə qəbulu 4
mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test
imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı
mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və
məntiqə aid suallar təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış
namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə
yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı
gözlənilməklə aparılacaq.
Müsahibə mərhələsində
test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış
namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi
dünyagörüşü yoxlanılacaq.
İşə qəbul müsabiqəsi
nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar
növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi
mərhələsində iştirak edə bilərlər.