146Qaynar xətt
146Qaynar xətt

Azərbaycan Təhsil Şəbəkəsi genişlənir

  • Cümə axşamı , 19 İyul 2018


  • 13:25

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın Fəaliyyət Planına uyğun olaraq, 2018-ci ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 46 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.

İndiyədək ATŞ-ə qoşulmuş 2370 təhsil müəssisəsi yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası yaradılıb. 2018-2019-cu tədris ilində əlavə olaraq 485 təhsil müəssisəsinin də ATŞ-yə qoşulması nəzərdə tutulub. Hazırda ATŞ-yə qoşulmuş ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 82%-nə və pedaqoji heyətin 72%-nə faizinə bərabərdir. 

ATŞ ölkədə tədris prosesini daha effektiv qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq, təhsildə müsbət təcrübənin yayılmasını təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə müvafiq elektron resurslardan istifadə edə bilirlər. 

İnternetin geniş miqyasda informasiya mənbəyi olduğunu nəzərə alaraq, bu məlumatların yaş məhdudiyyəti olmadan nəzarətsiz yayılması uşaqların psixikasına mənfi təsir göstərir. Bu halların qarşısının alınması və  uşaqların arzuolunmaz məlumatlara çıxışının məhdudlaşdırılması məqsədi ilə ATŞ-yə qoşulmuş təhsil müəssisələrində internet filtrasiya sistemi tətbiq olunur. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir. 

Onu da qeyd edək ki, cari ilin 22 iyun tarixində Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası arasında “Avropanın elm və təhsil qurumları üçün kompüter şəbəkəsi”nin (GEANT) yaradılması ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə Avropa Birliyinin EaPConnect layihəsi çərçivəsində göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsinin təmin edilməsi, Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və EaPConnect layihəsi çərçivəsində GEANT Şəbəkəsinə qoşularaq institutun əldə etdiyi genişzolaqlı şəbəkə xidmətlərinin ölkənin ali təhsil müəssisələrinin istifadəsinə təqdim edilməsi məsələləri öz əksini tapıb. Toplantıda GEANT Şəbəkəsinin Avropada 3500-dən çox təhsil müəssisəsini (30-dan çox ölkə) birləşdirən multi-giqabayt internet şəbəkəsi olması, təhsil ehtiyaclarından əlavə olaraq, İP xidmət keyfiyyəti (QoS), Multicast, virtual özəl şəbəkə ilə təmin etməsi, məlumatların ötürülmə sürətinin 1-dən 10 giqabayt saniyədə təşkil etməsi, elektron kitabxana və resurslara giriş imkanının olması kimi üstünlükləri qeyd edilib.