“eTwinning Plus” layihəsinə qoşulmuş təhsil
işçilərinin bu ilin sonunadək xarici ölkələrdə keçiriləcək beynəlxalq
təlimlərdə iştirakı ilə bağlı seçim müsabiqəsi başa çatıb
“eTwinning” proqramı üzrə il
ərzində layihələrdə iştirak edən təhsil işçiləri üçün müxtəlif seminarlar,
konfranslar və peşəkar inkişaf proqramları təşkil olunur. Xarici ölkələrdə
keçirilən tədbirlər əsasən 2-3 gün davam edir. Müəllimlərin iştirakı ilə bağlı
bütün xərclər Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ)
tərəfindən imzalanmış “eTwinning Plus” qrant layihəsinin büdcə hesabından
maliyyələşdirilir.
Tədbirlərdə iştirak üçün
seçim müsabiqəsi 2 mərhələdə aparılır. Bu il 1-ci mərhələyə 26 nəfər müəllim
müraciət edib. Müraciət edən hər bir namizəd üçün ilkin bal hesablanıb.
Müsabiqənin 2-ci mərhələsinə keçən 8 nəfər namizəd Təhsil Nazirliyinin Təhsilin
inkişafı proqramları şöbəsi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsini təmsil edən işçi qrupu
tərəfindən müsahibə mərhələsinə dəvət olunublar. İyulun 23-də keçirilən
müsahibədən uğurla keçən 4 nəfər namizəd cari ildə eTwinning çərçivəsində
Avropa şəhərlərində keçiriləcək beynəlxalq təlimlərdə iştirak hüququ qazanıblar.
Qeyd edək ki, Azərbaycanda
“eTwinning Plus” layihəsi 2016-cı ildən etibarən Təhsil Nazirliyi
nəzdində Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsi tərəfindən
reallaşdırılır. Layihə çərçivəsində Azərbaycandan indiyədək 261 məktəbdən 726
müəllimin iştirakı ilə 786 təhsil layihəsi həyata keçirilib. Eyni zamanda,
“eTwinning Plus” layihəsində iştirak edən müəllimlərin pedaqoji bilik və
bacarıqlarının artırılması məqsədi ilə onlayn təlimlər, Avropanın müxtəlif
ölkələrində seminar və konfranslar təşkil olunub və layihəyə üzv olan
müəllimlər bu tədbirlərdə iştirak ediblər.