"Ali təhsilin rəqəmsal transformasiyası" mövzusunda konfrans keçirilib

  • Bazar ertəsi , 7 Yanvar 2019


  • 13:25

Bakıda “Microsoft Azərbaycan” şirkətinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə ali təhsil müəssisələrinin inzibati heyəti üçün "Ali təhsilin rəqəmsal transformasiyası" mövzusunda konfrans təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini İdris İsayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov, şirkətin təhsil proqramı üzrə koordinatoru Emin Axundov, “AzİnTelecom” MMC-nin direktor müavini Ceyhun Əliyev və “BestComp Group” şirkətinin məhsul meneceri Elçin Məmmədov çıxış ediblər.

Təhsil Nazirinin müavini İdris İsayev çıxışında qeyd edib ki, ölkədə həyata keçirilən islahatların əsas istiqamətindən biri  rəqabətədavamlı milli innovasiya sisteminin yaradılmasıdır. “Bu baxımdan, biliklərə əsaslanan iqtisadiyyata keçidin təmin edilməsində, milli innovasiya sisteminin formalaşmasında, cəmiyyətin innovativ səviyyəsinin yüksəldilməsində universitetlər mühüm rol oynayır. Qeyd edək ki, son illər Təhsil Nazirliyinin dəstəyi və müxtəlif qurumların iştirakı ilə ölkənin ali təhsil müəssisələrində innovasiya ekosisteminin qurulması ilə əlaqədar geniş tədbirlər həyata keçirilir.” – deyə İdris İsayev bildirib.

“Microsoft” şirkətinin Azərbaycan üzrə meneceri Sərxan Həşimov qeyd edib ki, “Microsoft” korporasiyasının Azərbaycan üzrə Milli Planının əsas komponentlərinə ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyası daxildir. Bu baxımdan, “Microsoft Azərbaycan” şirkəti ilə Azərbaycan Höküməti arasında dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması ilə bağlı 3 illik saziş imzalanmışdır. Sazişin bağlanması zamanı ölkənin bütün ali təhsil müəssisələrinin tələbələri üçün pulsuz “Microsoft Windows” və “Microsoft Office” proqram təminatı təqdim olunmuşdur.

“Microsoft Azərbaycan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov bildirib ki, təhsil müəssisələrinin lisenziyalaşdırılması tələbə və müəllimlərə lisenziyalı proqram təminatından istifadə etməyə imkan verir. Bu isə öz növbəsində özəl sektorda və ümumilikdə ölkə üzrə lisenziyasız proqram təminatından istifadə səviyyəsinin azalmasına gətirib çıxarır. “Azərbaycanın təhsil sektorunun nümayəndələri arasında rəqəmsal transformasiyaya böyük marağın olmasına baxmayaraq onun icra prosesi hələ erkən mərhələdədir. “Microsoft” uğurlu rəqəmsal transformasiyanın dörd əsas açarını vurğulayır: tələbələrin cəlb edilməsi, müəllimlərə və tələbələrə dəstəyin göstərilməsi, təhsil müəssisələrinin optimallaşdırılması, tədris prosesinin transformasiyası. Tələbələrin cəlb olunması üçün təhsil müəssisələri rəqəmsal, interaktiv və fərdi məzmunları tətbiq etməlidir.” - deyə Emin Axundov əlavə edib.

Tədbirdə, həmçinin, qeyd olunub ki, lisenziyasız proqram təminatının çox olduğu ölkələrdə kiberhücum riski yüksəlir, kompüter elmləri sahəsində təhsilin səviyyəsi aşağı düşür, yüksək texnoloji iş yerləri azalır və intellektual mülkiyyət hüquqlarının qorunmasında çətinliklər yaranır. IDC-nin (“International Data Corporation”) 2017-ci il üzrə araşdırmasına əsasən, Azərbaycanda lisenziyasız proqram təminatının istifadəsi əvvəlki illərə nisbətən azalıb. Tələb olunan lisenziyaların əksər hissəsi isə məhz “Microsoft” korporasiyasının məhsullarıdır. 

Tədbirdə Azərbaycanın bir sıra ali təhsil müəssisəsinin rektorları, prorektorları və İT üzrə mütəxəssisləri təhsil ocağlarının rəqəmsal transformasiya təcrübəsi barədə fikir mübadiləsi aparıblar.