ELEKTRON TƏHSİL TEXNOLOGIYALARININ TƏTBİQİNİN GENİŞLƏNDİRİLMƏSİ

  • Çərşənbə axşamı , 15 Yanvar 2019


  • 13:25

Təhsil Nazirliyi Azərbaycan dilində elektron resursların artırılması və müasir təhsil sistemində aktuallığını nəzərə alaraq, 2018-ci ildə bu istiqamətdə fəaliyyətini genişləndirmişdir. Belə ki, ümumilikdə 296 ədəd elektron resurs – lokallaşdırılmış 3D animasiyalı videolar və Khan Academy dərsləri, multimedia məzmunlu və qiymətləndirmə sistemli video dərslər, elektron dərsliklər hazırlanaraq Təhsil Nazirliyinin portallarında (www.e-derslik.edu.az, www.e-resurs.edu.az, www.video.edu.az) yerləşdirilmişdir. Sözügedən portallardan bugünədək 4,288,185 dəfədən çox istifadə olunmuşdur.

Təhsil Nazirliyinin həyata keçirdiyi “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 2018-2019-cu tədris ili ərzində Bakı şəhəri üzrə 65 və Gəncə şəhəri üzrə 6 ümumi təhsil müəssisəsi də (26 min şagird) layihəyə qoşulmuşdur. Layihə çərçivəsində hazırki dövrədək 230 kompüter otağı və 2500-ə yaxın kompüter istifadəyə verilmiş, internet şəbəkəsinə yüksək sürətli bağlantı ilə təmin olunmuşdur. Sözügedən layihə şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihələndirmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır.

Eyni zamanda, Bakı Ekspo Mərkəzində keçirilən XII Beynəlxalq Təhsil və Karyera Sərgisində təqdim olunan “Polyup” onlayn platformasını da xüsusi qeyd oluna bilər. “Polyup” layihəsi hesablama təfəkkürünü inkişaf etdirən, real həyatda problemlərin səmərəli üsullarla həllinə yönəlmiş ödənişsiz və hər kəsə açıq olan oyun tipli təhsil platformasıdır. Platformanın riyaziyyat dərslərində pilot olaraq tətbiqinə başlanılmışdır.

2018-ci ildə 15 ümumi təhsil müəssisəsinin ibtidai və yuxarı sinif şagirdləri üçün sinif otaqları “Lego Education” təhsil robotları ilə təchiz olunmuşdur. Bakı, Sumqayıt, Lənkəran və Mingəçevir şəhərlərindən 70 nəfər informatika və fizika müəllimləri təhsil robotlarından istifadə qaydaları, onların tədris prosesində tətbiq olunması üzrə təlimlərdən keçirilmişdir. Qeyd edək ki, texnika ilə təchiz olunmuş müəssisələrin sayı 20-yə çatdırılmışdır. Mövzu ilə əlaqədar məktəblilər arasında 2018-2019-cu tədris ili üzrə “First Lego League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışına start verilmişdir. Yarışın məqsədi ümumtəhsil məktəb şagirdlərinin elm və texnologiyalara olan marağını artırmaq, hazırkı qlobal problemlərin elmi-texniki həllinə öz töhfələrini verməyə həvəsləndirməkdir.

Qeyd edək ki, hər il olduğu kimi 2018-ci ildə də Təhsil Nazirliyi tərəfindən İKT üzrə savadlılığının artırılması məqsədi ilə təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyəti üçün ixtisasartırma və stajkeçmə xidmətləri təşkil olunmuşdur. Belə ki, 4000 nəfər müasir tədris strategiyaları, tədrisdə elektron resurslardan istifadə, İKT-nin tədrisdə tətbiqi, layihə əsaslı öyrənmə metodikası və digər mövzular üzrə ixtisasartırma və stajkeçmə xidmətindən bəhrələnmişdir.