Bu gün informasiya
və rabitə texnologiyalarının istifadəsi sahəsində aparıcı istiqamətlərdən biri
təlim fəaliyyətində müasir texnologiyalardan effektiv istifadənin təmin edilməsidir.
Bu fəaliyyətin həyata keçirilməsi məqsədi ilə, Təhsil Nazirliyi tərəfindən Azərbaycan
dilli elektron məzmunun yaradılması və tədrisdə innovativ mexanizmlərin tətbiqi istiqamətində
geniş işlər həyata keçirilməkdədir.
Elektron
resurslar portalı – www.e-resurs.edu.az. Elektron resursları bir mənbədə cəmləşdirmək məqsədi ilə 2014-cü
ildə www.e-resurs.edu.az portalı yaradılıb. Portal vasitəsilə hər bir
istifadəçi elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron
tapşırıqlar və digər bu kimi təhsil resurslarına çıxış əldə edə bilir. Portalın əsas
üstünlükləri resursların vahid məkanda cəmlənməsi, portaldan kompüter, planşet,
mobil telefon vasitəsilə istifadə mümkünlüyü və interaktivliyin təmin edilməsidir.
Elektron dərsliklər portalı – www.e-derslik.edu.az. 2014-cü ildən fəaliyyət göstərən elektron dərslik
portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq
və onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda
oxumasına imkan yaratmaqdır. Portal vasitəsilə istənilən vaxt və məkanda dərsliklərə
müraciət etmək mümkündür. Bu sistem təhsilalanların dərsliklərdən istifadəsində
mobilliyi artırır və onların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır. Portalda
elektron dərsliklər sinif, bölmə, dərsliyin
tipi və fənlər üzrə qruplaşdırılıb. Dərsliklər əlavə video, foto və audio
materiallarla zənginləşdirilir ki, bu da şagirdlərə mövzuları daha yaxşı mənimsəməyə
şərait yaradır. Hazırda portalda 241 ədəd
dərslikdə 35 mindən artıq mövzu əhatə olunub. Portaldan bugünədək 4 milyon dəfədən
çox istifadə olunub.
Video dərslər portalı – www.video.edu.az. 2011-ci ildən fəaliyyət göstərən video dərslər
portalının məqsədi təhsilalanlar üçün əlavə tədris materialları təqdim etmək və
interaktiv öyrənmə imkanlarını genişləndirməkdir. Video dərslərin digər əhəmiyyəti
isə müəllimlərin daha təcrübəli həmkarlarının dərslərini izləmək və yeni tədris
metodları ilə tanış olmaq imkanının yaradılmasıdır. Portal 3D animasiyalı
videolar və Khan Academy dərsləri, multimedia məzmunlu və qiymətləndirmə
sistemli video dərslər ilə zəngindir. Hazırda portalda müxtəlif fənlər üzrə
610-dan çox video dərslər yerləşdirilib. 2018-ci ildə saytın ümumi dizaynı
tamamilə yenilənib və iOS və Android tətbiqləri istifadəyə verilib.
Elektron testlər portalı – www.e-test.edu.az. Elektron testlər
portalı 2014-cu ildə şagirdlərin müxtəlif fənlər üzrə əldə etdikləri bilikləri
möhkəmləndirmək və onlar arasında bilik yarışmaları təşkil etmək məqsədi ilə
yaradılıb. Portaldan istifadə etməklə şagirdlər həmyaşıdları ilə sağlam rəqabətə
qoşulur və asudə vaxtlarını səmərəli istifadə edə bilirlər. Hazırda portalda
müxtəlif fənlər üzrə 50 mindən çox test tapşırıqları var. Şagirdlər test
tapşırıqlarını etdikdən sonra nəticələr üzrə reytinq cədvəlində neçənçi yerdə
olduqlarını görə bilir və nəticələrini yüksəltmək üçün daha çox çalışırlar.
“eTwinning Plus” layihəsi – www.etwinningplus.edu.az. Avropa Komissiyasının təşəbbüsü
ilə yaradılmış “eTwinning” layihəsinə Azərbaycan 2013-cü ildə qoşulmuşdur.
Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq
imkanları yaratmaq, digər ölkələrdən olan həmkarlar ilə birgə təhsilin inkişafı
yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Layihə nəticəsində
Azərbaycan şagirdləri Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi
aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq
fürsəti qazanırlar.
Mühəndislik və robot texnikası yarışı – www.fllazerbaijan.org. Təhsil Nazirliyinin təşkilatçılığı
ilə 2017-2018-ci tədris ilindən başlayaraq hər il məktəblilər arasında “First
Lego League Azerbaijan (FLL)” mühəndislik və robot texnikası yarışı keçirilir. FLL
10-16 yaşlı məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat)
əsaslı robot texnologiyaları yarışıdır. FLL şagirdləri real elm və texnologiya
problemləri ilə qarşılaşdırır və onların həlli yollarını araşdırmaqla
dünyagörüşlərini zənginləşdirir. Yarışda 6 nəfərdən ibarət komandalar iştirak
edirlər. Yarışın yerli turnirində qalib gəlmiş komandalar xaricdə keçirilən
beynəlxalq turnirlərə qoşulurlar.
Təhsil sisteminin informasiyalaşdırılmasının istiqamətində həyata keçirilən bu layihələr şagirdlərdə məntiqi təfəkkür, yaradıcı yanaşma, təşəbbüskarlıq, problemlərin həlli, qərarların qəbul edilməsi, müstəqil öyrənmə kimi 21-ci əsr bilik və bacarıqlarının (kompetensiyalarının) inkifaşına yönəlib və ənənəvi öyrənmə formalarını zənginləşdirməyə xidmət edir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin genişləndirilməsi və davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.