Tədrisin və idarəçiliyin təşkilində innovativ yanaşmalar tətbiq edən direktor – Emilya Səfərəliyeva

  • Bazar ertəsi , 4 Mart 2019


  • 13:25

Emilya Səfərəliyeva 2016-ci ildən etibarən Bakı şəhəri 36 nömrəli orta məktəbdə direktor vəzifəsində işləyir. Emilya xanımın sözlərinə görə, məktəbə təyin edildikdən sonra uğurlu məktəb modeli istiqamətində araşdırmalar aparır və səmərəli təlim-tərbiyə prosesinin qurulmasına çalışır.

“Məktəbə direktor təyin edildikdən sonra ilk növbədə məktəb nəticələrinin və imkanlarının təhlilinə başladım. Müəyyən edildi ki, məktəbin pedoqoji kadrları yüksək akademik biliklərə malik olsalar da, müasir təlim metodikalarının öyrənilməsinə və onların tətbiqi ilə bağlı təcrübə mübadiləsinə zərurət var. Çünki ənənəvi metodlarla keçirilən dərslər ilə şagirdlərin diqqətini mövzuya cəlb etmək getdikcə çətinləşir.”   

“eTwinning Plus” layihəsi ilə ilk dəfə 2015-ci ildə sosial şəbəkə vasitəsi ilə tanış olan direktor bildirir ki, layihə o zamandan diqqətini cəlb edib.  - “Layihədə iştirak edən müəllimlərlə ünsiyyət qurur və Azərbaycanın şəhər və bölgələrindən olan bir çox müəllimlərin layihə çərçivəsində əldə etdikləri uğurları ilə tanış olurdum.  Müəllimlərin  inkişafı və əldə etdikləri uğurları məni bir təhsil işçisi kimi çox qürurlandırırdı.”

2016-ci ildən layihənin aktiv üzvü olan Emilya xanım, “eTwinning Plus” layihəsinin məktəbdə yaratdığı imkanlar barədə danışıb. -  “Bu gün rəhbərlik etdiyim məktəb kifayət qədər müasir texniki avadanlıqlarla və sürətli internet xətti ilə təmin edilib. Təhsilin yüksək zirvələrini fəth etmək üçün təşəbbüskar müəllimlərə ehtiyac var. Bu baxımdan, “eTwinning Plus” layihəsinin rolunu xüsusi qeyd etmək istəyirəm. Layihənin detalları ilə tanış olduqdan sonra bir qrup müəllimlərlə “eTwinning Plus” layihəsinin böyük imkanlarını müzakirə etmək üçün dəyirmi masa keçirdik və qərara aldıq ki, layihə bizim məktəbdə də həyata keçirilsin. Çox sevindirici haldır ki, bu gün məktəbimizin 20 müxtəlif fənn müəllimləri layihədə iştirak edir. Ümumi olaraq  məktəbimiz “eTwinning Plus” şəbəkəsində 41 layihənin iştirakçısıdır. Önəmlisi odur ki, bütün layihələr şagirdlərin çoxşaxəli inkişafına istiqamətlənib. Yaradılmış beynəlxalq əlaqələr məktəblilərin müxtəlif mədəniyyətlərə inteqrassiyası ilə yanaşı, xarici dillərin öyrənilməsinə də  böyük təkan verir. Bu da öz növbəsində, gələcəkdə şagirdlərin multikultural və daha tolerantlı olmağına zəmin yaradır. Layihə çərçivəsində əldə edilmiş nailiyyətlər bütün məktəbə öz müsbət təsirini göstərir. Tədris artıq darıxdırıcı 45 dəqiqədən ibarət deyil, o daha əyləncəli, daha maraqlı, daha keyfiyyətli bir prosesə çevrilib.

Direktor qeyd edib ki, bu layihə vasitəsi ilə dünya məktəbləri ilə əlaqələrin genişləndirilməsiylə yanaşı, məktəbin respublika üzrə reytinq cədvəlində də müsbət dinamikaya nail olmaq olar. – “Gizli deyil ki, reytinq cədvəlində məktəb nə qədər yüksəkdə qərarlaşsa, bir o qədər yüksək potensiallı və keyfiyyətli təhsilə maraqlı şagirdlər cəlb etmək olur və həmin məktəbin müəllim nüfuzu daha yüksək olur. Bu baxımdan,  “eTwinning Plus” layihəsi məktəbimizin nümunəvi məktəb kimi tanınmasında da öz müsbət təsirini göstərib. Ümid edirəm ki, gələcəkdə məktəbimiz “eTwinning Plus” layihəsi çərçivəsində daha böyük işlərə və uğurlara imza atacaqdır.