Əməkdaşlıq memorandumu imzalanıb

  • Cümə , 19 Aprel 2019


  • 13:25

Aprelin 19-da Təhsil Nazirliyi və “Huawei Technologies Azerbaijan” MMC arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib.

Memorandum çərçivəsində ali və peşə təhsili müəssisələrində “Huawei” şirkətinin tədris və təcrübə laboratoriyalarının yaradılması, həmçinin Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə distant təhsil avadanlıqları və proqram təminatının verilməsi nəzərdə tutulub.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev bildirib ki, "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, ölkədə müasir informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi əsas prioritet istiqamətlərdəndir. Bu baxımdan Təhsil Nazirliyi tərəfindən son illər təhsil sistemində idarəetmənin informasiyalaşdırılması, İKT infrastrukturunun inkişafı, elektron təhsil texnologiyalarının tətbiqi və kadr potensialının gücləndirilməsi istiqamətində geniş işlər həyata keçirilir. Eyni zamanda qlobal sənaye ehtiyaclarına hazır olan rəqabətqabiliyyətli kadrların hazırlanması məqsədi ilə təhsil və  sənaye qurumları arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına xüsusi diqqət yetirilir.

İdris İsayev görülən işlərin davamı olaraq, “Huawei” şirkəti ilə bu istiqamətdə qurulan birgə fəaliyyətin uğurlu olacağına əminliyini bildirib. O qeyd edib ki, birgə əməkdaşlıq gələcəkdə həm Azərbaycan təhsil sisteminə, həm də şirkətin imicinə mühüm töhfə verəcək.

“Huawei Technologies Azerbaijan” MMC-nin rəhbəri Lu Canlin çıxışında bildirib ki, “Huawei” şirkəti aparıcı qlobal informasiya və kommunikasiya texnologiyaları həlləri provayderidir. Lu Canlin çıxışında qeyd edib ki, şirkətin İKT üzrə təqdim etdiyi həllər, məhsullar və xidmətlər 170-dən çox ölkə və regionda istifadə olunur, dünya əhalisinin üçdə birindən çoxunu təmin edir. 180 min işçisi olan şirkət gələcək informasiya cəmiyyətini və daha yaxşı birləşdirilmiş dünya qurmağı qarşısına məqsəd qoyub. Sabahın məhsul və xidmətlərini təqdim etməklə şirkət elmin inkişafına və  istedadlı gənc nəslin formalaşmasına xidmət edir.

Şirkət rəhbəri çıxışının sonunda Təhsil Nazirliyi ilə bu istiqamətdə əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağına və Azərbaycan təhsil sistemində İKT infrastrukturunun inkişafına müsbət təsir edəcəyinə inandığını bildirib.

Görüşdə gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda təhsil nazirinin müavini İdris İsayev və və “Huawei Technologies Azerbaijan” MMC-nin rəhbəri Lu Canlin əməkdaşlıq haqqında memorandumu imzalayıblar.