Azərbaycanda 3-cü “PolyChallenge” müsabiqəsinin qalibi Aliyə Yaqubova: Bu layihə şagirdlərdə bütün elmlərin açarı olan riyazi təfəkkürü inkişaf etdirir

  • Çərşənbə , 8 May 2019


  • 13:25

Azərbaycanda müəllim və şagirdlər üçün hesablama təfəkkürünü yaradıcı formada inkişaf etdirən beynəlxalq təhsil platformasının istifadə olunduğunu öyrənəndə çox sevindim. Layihənin imkanlarını araşdırdıqdan sonra qənaətə gəldim ki, tamamilə ödənişsiz olan bu oyun platformasından sinif mühitində istifadə etməklə dərslərimə müasir və tam fərqli yanaşmalar gətirə bilərəm. 

“Polyup” platforması riyaziyyat ilə kodlaşdırmanın sadə və əyləncəli şəkildə birləşməsindən yaranan bir tədris konseptidir. Müasir dövrdə kodlaşdırmanın prinsiplərini gənc yaşlarından uşaqlara öyrətmək və nəticədə onlarda alqoritmik düşüncə tərzini formalaşdırmaq olduqca vacibdir. Bu baxımdan, sözügedən platformadan istifadə etməklə ibtidai siniflərdən başlayaraq uşaqlarda sadə kodlaşdırma və riyazi hesablama bacarıqları təkmilləşdirmək və qarşıya qoyulan tapşırıqlara kompleks yanaşmağı öyrətmək mümkündür.

Platforma uşaqlara mövcud tapşırıqları həll etməklə yanaşı, özlərinin də tapşırıq yaratması üçün şərait yaradır. Tapşırıqlar xüsusi “Poly maşınlar”-da birləşdirilir.  Platformanın işləmə prinsipləri uşaqlara klassik riyazi məsələlərin həlli zamanı yerinə yetirdikləri ilə “Polyup”da elədikləri arasında əlaqəni görmək imkanı yaradır. Bu da yanaşmanın uşaqlar üçün ən böyük faydalarındandır.

Bütün bu imkanlardan istifadə etmək məqsədi ilə şagirdlərimi layihəyə cəlb etdim. Sosial şəbəkələrdən məlumat əldə etdim ki, “Polyup” layihəsi üzrə müsabiqələr təşkil olunur. Biz 1-ci və 2-ci müsabiqələri izləyərək stimul aldıq və qərara gəldik ki, hazırlaşıb  3-cü “Azərbaijan prize” müsabiqəsinə qoşulaq. Müsabiqənin şərtlərinə əsasən 2 həftəni əhatə edən bir müddətdə biz qrup şəklində minimum 50 min “Poly” xalı toplamalı idik. “Poly” maşınlar adlanan tapşırıqları həll etdikcə, şagirdlər “Poly” xalları qazanır və bu xallar müəllimə də avtomatik olaraq əlavə xallar gətirirdi. Şagirdlər qarşıya qoyulan hər tapşırığı uğurla həll etdikdən sonra daha da həvəslənir və ən yüksək nəticə göstərməyə çalışırdılar. 2 həftə bu sağlam rəqabət mühitində böyük həvəs və zəhmət sayəsində 50 min “Poly” xal toplaya bildik və yarışın qalibi olduq.

Mən bütün riyaziyyat və ibtidai sinif müəllimlərini bu layihədə iştirak etməyə dəvət edirəm. Platforma sizə özünüzün və şagirdlərinizin inkişafı üçün geniş imkanlar təqdim edəcək. Biz həmişə deyirik ki, riyaziyyatı hər yerdə görmək olar və hər şeyin təməlində riyaziyyat var. Lakin, şagirdlərin əksəriyyəti riyaziyyatı yalnız sinif otağında və dükanda qalıq pulu almaq lazım olanda istifadə edirlər. Mənim fikrimcə, “Polyup” real həyatdakı vacib olan riyaziyyat ilə sinifdə öyrəndiyimiz riyaziyyat arasında olan körpünü yaratmağa imkan verəcək çox gözəl bir vasitədir.