Təhsil Nazirliyində İT sahəsinin tendensiyaları və təhsilə təsiri müzakirə olunub

  • Bazar ertəsi , 1 İyul 2019


  • 13:25

28 iyun tarixində Təhsil Nazirliyində “İT Sənayesinin Tendensiyaları: Təhsilə Təsir” mövzusunda müzakirə keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin rəsmiləri, Azərbaycan Dövlət Pedaqoji Universitet və universitet nəzdində Pedaqoji Kollecin nümayəndələri və məktəb direktorları iştirak ediblər.

Tədbiri açan Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müasir təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin vacibliyi və bu texnologiyalardan istifadənin dünya standartları səviyyəsinə çatdırılmasının əhəmiyyətindən danışıb. Bildirilib ki, tədbirin keçirilməsində məqsəd ölkəmizdə qurulan müasir təhsil sistemini qabaqcıl beynəlxalq təcrübədəki təhsil örnəkləri ilə müqayisəli şəkildə təhlil etmək və təhsilin modernləşdirilməsində vacib rol oynayan tərəflər ilə fikir mübadiləsi aparmaqdır.  

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov təqdimatla çıxış edərək, informasiya və kommunikasiya texnologiyaları sənayesində baş verən və proqnozlaşdırılan 10 əsas texnoloji tendensiyalar barədə ətraflı məlumat verib. Təhlil xarakterli təqdimatda texnoloji yeniliklərin yaratdığı imkanlar və çağırışlar, eyni zamanda bu istiqamətdə tövsiyyə olunan strategiyalar iştirakçılara çatdırılmışdır. Qeyd edildi ki, proqnozlara əsasən 2022-2024-cü illərə qədər rəqəmsal iqtisadiyyata keçid, süni intellektin tətbiqi, böyük verilənlərin təhlili, əşyaların interneti və üçüncü platforma texnologiyalarına sərmayələr, blokçeyn texnologiyasının tətbiqinin genişlənməsi, bulud texnologiyalarının inkişafı və yeni nəsil proqramçılara ehtiyacın artması fonunda təhsilin məzmunu, təchizatı və idarəolunması transformasiyaya uğramalıdır.

Digər sahələrdə olduğu kimi təhsildə də bu inkişafın qaçılmaz olduğunu qeyd edən Vüsal Xanlarov hazırda ölkəmizdə bu sahədə aparılan işlər barədə danışıb. O qeyd edib ki, yeni texnoloji reallıqda təhsil sisteminin modernləşdirilməsi üçün şagirdlərin tədrisi fərdiləşməyə uyğun istiqamətləndirilməli və təhsilverənlərin inkişafı mütəmadi olmalıdır.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, müxtəlif təhsil pillələri və ixtisasartırmada müasir texnologiyaların hazırkı vəziyyəti və perspektivlər müzakirə edilib.