Sentyabrın 16-da Elmi-Tədqiqat Hematologiya və
Transfuziologiya İnstitutunda “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili”
layihəsi çərçivəsində yeni tədris ilinin başlanması münasibətilə “Bilik günü” tədbiri
keçirilib.
Tədbirdə Təhsil nazirinin müşaviri Nigar Bağırlı, Təhsil
Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Nəsimi
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Xalid Kərimov, Yeni Azərbaycan
Partiyasının Nəsimi Rayon Təşkilatının sədri müavini, İdarə Heyətinin üzvü Azər
Süleymanov, layihənin əməkdaşları və şagirdlər iştirak ediblər.
Tədbirdə qeyd edilib ki, “Müalicə alan məktəbyaşlı uşaqların
distant təhsili” layihəsinin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların
fasiləsiz və keyfiyyətli ümumi təhsil almaq hüququnu təmin etməkdir. Həmçinin,
layihə uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların İKT
savadlarının artırılmasına nail olmaq və öz potensiallarını nümayiş etdirmək
üçün şərait yaratmaq məqsədi daşıyır.
Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbusü, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin dəstəyi ilə
“Nobel-T” şirkəti tərəfindən icra olunan layihə çərçivəsində uşaqlar müalicə
dövründə maraqlı və yaradıcı təhsil imkanlarından bəhrələnib və onların virtual
mühitdə sosial həyata adaptasiyasına şərait yaradılıb.
Layihəni müsbət qiymətləndirən qonaqlar uşaqları yeni tədris
ilinin başlanması münasibəti ilə təbrik edib, onlara uğurlu tədris ili
arzulayıblar.
Tədbirin sonunda uşaqlara tərifnamələr və müxtəlif hədiyyələr
təqdim olunub.