“eTwinning Plus” layihəsinin əhatə dairəsi genişlənir

  • Bazar ertəsi , 30 Dekabr 2019


  • 13:25

Azərbaycanda 2013-cü ildən etibarən reallaşdırılan beynəlxalq “eTwinning Plus” layihəsinin əhatə dairəsi genişləndirilir. Hazırda layihədə 2000-dən çox təhsil işçisi iştirak edir ki, onlardan 1054 nəfəri cari ildə layihəyə qoşulub.

“Erasmus+” proqramı çərçivəsində reallaşan “Fasiləsiz Təhsil Proqramı”nın tərkib hissəsi olan “eTwinning” layihəsi təhsil sistemi üçün innovativ tədris metodları, fənlərin inteqrativ tədrisi, şəxsi inkişaf, İKT-nin təhsilə tətbiqi, effektiv idarəetmə baxımından geniş imkanlar yaradır.

Layihə çərçivəsində Azərbaycandan indiyədək 551 məktəbdən 2066 müəllimin iştirakı ilə 1949 təhsil layihəsi həyata keçirilib. 2019-da yaradılan 916 layihədən 124-ü ölkədaxilində, 792-si isə avropalı həmkarlarla ortaq işlənilir.

Həyata keçirilən layihələr sırasında 131-i 2019-cu ildə olmaqla, ümumilikdə 255 layihə “Avropa Keyfiyyət Nişanı”na layiq görülüb.

Ölkə üzrə artıq 9 məktəb beynəlxalq “eTwinning Məktəbi” mükafatı qazanıb və daha 7 məktəb isə 2020-ci ildə keçiriləcək müsabiqədə nominant olaraq iştirak edirlər.

Layihədə iştirak edən təhsil işçilərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə Avropanın müxtəlif ölkələrində keçirilən seminar və konfranslarda cari ildə ölkəmizdən 19 müəllim və 2 direktor iştirak edib.

Layihə çərçivəsində ölkədə 60 nəfər yerli və xarici müəllimlərin iştirakı ilə 2 konfrans keçirilib ki, bunların biri Bakıda, digəri isə Lənkəranda baş tutub.