GEANT – Avropa ali təhsil, elm və tədqiqat müəssisələrini özündə birləşdirən ümumavropa elektron təhsil şəbəkəsi

  • Çərşənbə axşamı , 4 Fevral 2020


  • 13:25

Ölkənin ən iri daxili təhsil şəbəkələrindən olan Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) milli təhsil sistemi üçün nəinki texnoloji, eləcə də elmi-intellektual müstəvidə geniş imkanlar təqdim edir. Şəbəkənin potensialı bu gün orta ümumtəhsil məktəbləri ilə yanaşı respublikanın ali təhsil müəssisələri üçün də innovativ elmi-tədqiqat imkanları yaradır.

Belə ki, ölkə üzrə ali təhsil verən bütün müəssisələr Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq şəbəkənin resursları üzərindən GEANT beynəlxalq akademik şəbəkəsinə çıxış əldə edə və bu şəbəkənin elmi araşdırma potensialından yararlana bilərlər.

Hazırda elmi araşdırma və tədqiqat üzrə dünyanın ən nəhəng intranet şəbəkəsi olan GEANT-ın əhatə dairəsinə müxtəlif ölkələri təmsil edən 38 milli təhsil və tədqiqat şəbəkələri daxildir. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən GEANT layihəsi bütün Avropa üzrə hazırda 10 000 elmi-tədqiqat müəssisəsini və orada çalışan 50 mln.-dən çox istifadəçini, eyni zamanda elmin bütün istiqamətlərini əhatə edir. GEANT şəbəkəsi bütün iştirakçılarına elmi fəaliyyət üçün bir araya gəlmək və birgə elmi tədqiqatlar aparmaq, eləcə də müştərək təhsil proqramlarını tətbiq etmək üçün şərait yaradır. Sadəcə GEANT şəbəkəsinə çıxışın və adi kompüterlərin mövcudluğu ali təhsil müəssisələrinə ciddi elmi araşdırmalar aparmağa imkan verir.