Martın 4-də Bakının Sabunçu rayonundakı 5 nömrəli
Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında “Müalicə alan uşaqların distant təhsili”
layihəsinin açılış mərasimi keçirilib. Layihə xüsusi qayğıya ehtiyacı olan
uşaqların fasiləsiz və keyfiyyətli təhsil almalarına dəstək olmaq məqsədi
daşıyır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyevanın təşəbbüsü, Təhsil Nazirliyinin dəstəyi ilə “Distant bilik” Mərkəzi tərəfindən
həyata keçirilən layihə çərçivəsində uşaqlar üçün müalicə dövründə maraqlı və
yaradıcı təhsil imkanlarından bəhrələnmək və sosial həyata adaptasiya üçün şərait
yaradılır. Ötən il əvvəlcə Milli Hemotologiya və Transfuziologiya Mərkəzində
başlanılan layihəyə Talassemiya Mərkəzi də qoşulub, bu ildən isə 5 nömrəli Uşaq
Yoluxucu Xəstəliklər Xəstəxanasında da layihənin icrasına başlanılır.
Açılış mərasimində Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin baş məsləhətçisi
Fərid Hüseynov layihə çərçivəsində müalicə alan uşaqların nazirlik tərəfindən
müvafiq İKT avadanlıqları, internetə çıxış və dərs vəsaitləri ilə təmin
olunduqları barədə məlumat verib. Qeyd edilib ki, yeni qoşulan tibb müəssisəsinə də 20 noutbuk
verilib, müəssisədə şəbəkə infrastrukturu yaradılıb və ilk distant dərslərin tədrisinə
başlanılıb.
Qurumun verdiyi məlumata görə, uşaqların xəstəliyi
nəzərə alınaraq, layihə çərçivəsində keçirilən fənlər fərdi yanaşma prinsipinə əsasən
interaktiv formada tədris olunur. Ümumi tədris fənləri üzrə dərslər həm
distant, həm də canlı formada keçirilir. Layihə uşaqların müalicə dövründə təhsil
imkanlarından faydalanmalarına, yeni texnologiyalar ilə işləmək bacarıqlarının
formalaşmasına, onların cəmiyyətə inteqrasiyasına və müalicə dövrünün daha
rahat keçməsinə töhfə verir.
5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının
baş həkimi Güllü Əhmədova sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinə
göstərilən qayğıya görə layihə müəlliflərinə və icraçılarına təşəkkürünü
bildirib.