2019-cu
ilin noyabr ayından etibarən Təhsil Nazirliyi ilə Mərkəzi Bankın əməkdaşlığı
çərçivəsində ölkənin bir sıra təhsil müəssisəsində “Azərbaycan Təhsil
Kart”larının tətbiqi həyata keçirilir. Layihə “2018–2020-ci illərdə Azərbaycan
Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində
icra edilir.
Qeyd
edək ki, sözügedən kartlar vasitəsilə tələbələr təqaüdlərini ala, ölkə
daxilində və xaricdə bu kartlarla ödənişlər həyata keçirə bilərlər. Kart sahibi
olan tələbələr valideynlərinin göndərmək istədiyi maliyyə vəsaitini də məhz bu
kartlara yüklənilməklə rahat şəkildə əldə edə bilərlər. Təhsil kartını
təhsil müəssisəsi, kitabxana və oxu zallarına giriş üçün də istifadə etmək
mümkündür. Gələcəkdə təhsil kartının imkanlarını daha da
genişləndiriləcək, tələbələr bu kartlardan ictimai nəqliyyatda, xüsusi endirim
kampaniyalarında və digər xidmət sahələrində də istifadə edə biləcəklər.
Hazırda
layihə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti,
Bakı Dövlət Universiteti, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil
Mərkəzində tətbiq olunur və ümumilikdə 111 807 nəfər artıq təhsil kartları ilə
təmin olunub. Layihənin əhatə dairəsinin daha da genişləndirilməsi və digər
təhsil müəssisələrində də tətbiqi istiqamətində işlər aparılır.
Qeyd
edək ki, layihə Təhsil Nazirliyi, Mərkəzi Bank, “Mastercard” və "Kapital
Bank"ın dəstəyi ilə həyata keçirilir.