ELEKTRON TƏHSİL TEXNOLOGIYALARININ TƏTBİQİ

  • Çərşənbə axşamı , 17 Noyabr 2020


  • 13:25

Bu gün informasiya və rabitə texnologiyalarının istifadəsi sahəsində aparıcı istiqamətlərdən biri təlim fəaliyyətində müasir texnologiyalardan effektiv istifadənin təmin edilməsidir. Bu fəaliyyətin həyata keçirilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən Azərbaycan dilli elektron məzmunun yaradılması və tədrisdə innovativ mexanizmlərin tətbiqi istiqamətində geniş işlər həyata keçirilməkdədir.

Cari ildə pandemiya dövründə təhsilin əlçatanlığını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi şagird və müəllimlərin rahatlıqla qeydiyyatdan keçərək elmi biliklər, qiymətləndirmə və onlayn dərslərə çıxışını təmin edən və "Microsoft Teams" bazası üzərində qurulmuş "Virtual məktəb" platformasını istifadəyə verib. Bu platformada bütün elektron kitablar, video dərslər, əlavə təhsil proqramları və mərkəzləşdirilmiş test nümunələrini tapmaq mümkündür. Bütün bu resurslar üz-üzə görüşləri təmin etmək, tapşırıq və müzakirələri bir-birinə inteqrasiya etmək üçün vahid bir mərkəzdə cəmləşdirilib.

Təhsil Nazirliyi tərəfindən www.e-resurs.edu.az, www.e-derslik.edu.az, www.video.edu.az portallarında mütəmadi olaraq yeni tədris resursları yerləşdirilir və portalların fasiləsiz işləməsini təmin etmək, eyni zamanda lazımi dəstəkləri göstərmək məqsədi ilə texniki dəstək göstərilir. Qeyd edək ki, hazırda www.video.edu.az portalında video dərslərin sayı artırılaraq 3288 ədədə çatdırılıb. Bura ümumi və peşə təhsili üzrə teledərslər, peşəkar müəllimlərin video dərs izahları, 3D animasiyalı videolar, STEAM üzrə video dərslər, “Khan Academy” dərsləri və qiymətləndirmə sistemli video dərslər daxildir. Cari ildə 760 ədəd yeni “Khan Academy” video dərsləri milli kurikuluma uyğunlaşdırılıb və portala əlavə olunub.

Cari ildə "İnformatika" fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsinin də tətbiqi uğurla davam etdirilib. Layihə cari tədris ilində həm coğrafi, həm də müəllim və şagird sayı baxımından genişləndirilib. Belə ki, hazırda layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan,  Şəki şəhər və rayonları üzrə 222 məktəbi və 100 mindən çox şagirdi əhatə edir. Qeyd edək ki, şagirdlərdə alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə qurmaq bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrətmək məqsədilə həyata keçirilən layihəyə 2017-2018-ci tədris ilində start verilib. İlkin mərhələdə layihə Bakı şəhəri üzrə 43 məktəb və 6500 şagirdi əhatə edib.

“Erasmus+” proqramı çərçivəsində həyata keçirilən “eTwinning Plus” layihəsində Azərbaycanı ümumilikdə 524 məktəbin 1912 müəllimi 1751 təhsil layihəsi ilə təmsil edib.  Cari ildə ölkədə pandemiya ilə əlaqədar mövcud karantin dövründə müəllimlər üçün təşkil olunan 31 onlayn təlimdə 741 müəllim, 6 üzbəüz təlimdə isə 107 müəllim iştirak edib. Bununla yanaşı, Avropalı mütəxəssisləri tərəfindən onlayn formada təşkil olunan 8875 təlimlərə Azərbaycandan 267 müəllim qoşulub. Cari ildə layihə üzrə təşkil olunmuş beynəlxalq müsabiqədə ölkə üzrə ümumilikdə 628 layihə təqdim olunub. Nəticələrin noyabr ayında açıqlanması gözlənilir.