Təhsilin rəqəmsal transformasiyası üzrə növbəti beynəlxalq tədbir keçirilib

  • Bazar ertəsi , 7 İyun 2021


  • 13:25

“Microsoft” korporasiyasının formalaşdırdığı, YUNESKO və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iştirak etdiyi “Təhsilin rəqəmsal transformasiyası üzrə dünyanın lider ölkələri” koalisiyasının növbəti görüşü baş tutub.

 

Görüş çərçivəsində rəqəmsal təhsil ekosisteminin formalaşdırılması üzrə  birgə seminar keçirilib, Azərbaycan, Finlandiya və Avstraliyada COVID-19 pandemiyası dövründə təhsildə tətbiq edilən innovativ təcrübələrə dair təqdimatlar edilib. Görüşdə dinləyici qismində Braziliya, İspaniya və Macarıstan Təhsil nazirliklərinin nümayəndələri iştirak ediblər.

 

Azərbaycanda tətbiq olunan “Virtual məktəb” layihəsi və təhsilin rəqəmsal transformasiyası istiqamətində atılmış addımlar barədə çıxış edən Təhsil Sisteminin İnformasiyalaşdılması İdarəsinin rəisi Vüsal Xanlarov qeyd edib ki, başlıca məqsəd ölkədə təhsilalanlar üçün bərabər, fərdiləşdirilmiş və sənaye-əsaslı təhsil imkanlarının yaradılmasıdır. Bildirilib ki, COVID-19 pandemiyası dövründə qərarların qəbul edilməsində datadan istifadənin əhəmiyyəti artmış, qısa zamanda yeni sistemlər yaradılaraq istifadəyə verilmiş,  nəticədə data və süni intellektin effektiv tətbiqi inkişaf üçün geniş perspektivlər yaratmışdır. Belə ki, data-əsaslı təhsil modelində şagird nəticələrinin təhlili üçün innovativ alətlər təqdim olunur ki, aparılan çevik və əhatəli təhlillər nəticəsində boşluqları müəyyən edib, məzmunu vaxtında, lazım olan yerlərdə zənginləşdirmək mümkün olur. 

 

Daha sonra təqdimatlar əsasında ölkələr arasında müzakirələr aparılıb və üç ölkədə təhsilin rəqəmsal transformasiyası üzrə aparılan işlər iştirakçılar tərəfindən dəyərləndirilib. 

 

Qeyd edək ki, Azərbaycan “Rəqəmsal transformasiya üzrə dünyanın lider ölkələri” koalisiyasına cari ildə Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında imzalanmış “Təhsilin rəqəmsal transformasiyası üzrə niyyət sənədi”nə əsasən qoşulub.