Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nəsimi rayonunda
general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə yenidənqurmadan
və əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Məktəbin direktoru Aytən Baxşəliyeva
təhsil ocağında görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Diqqətə çatdırıldı ki, bu məktəbin
binası 1900-cü ildə inşa edilib. Burada əvvəllər hərbi xəstəxana, sonralar isə
Bakı Hərbi Məktəbi yerləşib. 1945-ci ildən binada 8 saylı tam orta məktəb fəaliyyət
göstərir. Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Kərim Kərimovun adını
daşıyan məktəbdə təmir işlərinə Prezident İlham Əliyevin təsdiq etdiyi layihəyə
uyğun olaraq bu ilin mayından başlanılıb, yenidənqurma və təchizat işləri qısa
vaxt ərzində və yüksək səviyyədə həyata keçirilib.
Dövlətimizin başçısı məktəbdə
yaradılan şəraitlə tanış oldu.
Azərbaycan Prezidentinin Sərəncamı
ilə 8 nömrəli məktəb 2010-2011-ci tədris ilində keçirilən “Ən yaxşı ümumtəhsil
müəssisəsi” müsabiqəsinin qalibi olub.
Bildirilib ki, məktəbin üçmərtəbəli
binası əsas və yardımçı korpuslardan ibarətdir. Burada 780 şagird təhsil alır,
2016-2017-ci tədris ilindən məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbdə
tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Yenidənqurma işləri zamanı
bütün sinif otaqları, emalatxana, hərbi otaq, laboratoriyalar, yeməkxana, idman
və akt zalları, eləcə də digər xidmət otaqları əsaslı şəkildə təmir edilib, əlavə
5 sinif otağı artırılıb. Təhsil müəssisəsində 70 nəfəri pedaqoji işçi olmaqla,
ümumilikdə, 83 nəfər əməkdaş çalışır. Burada pedaqoji kollektivin fəaliyyət
göstərməsi və şagirdlərin müasir tələblərə cavab verəcək səviyyədə təhsil
almaları üçün hər cür şərait yaradılıb. Məktəb yüksək tələblərə cavab verən
avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib.
Zəngin təbii sərvətləri olan Azərbaycanda
bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf
etdirilməsi başlıca amilə çevrilib. Ölkəmizdə təhsilin inkişafına göstərilən
diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini
təşkil edir. Son illərdə müasir məktəb binaları tikilir, təhsil müəssisələri
üçün yeni korpuslar inşa olunur. Bu proses ölkəmizin bütün bölgələrini əhatə
edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də
mühüm işlər görülüb. Heydər Əliyev Fondu dövlət səviyyəsində həyata keçirilən
bu fəaliyyət proqramına güclü dəstək verir. Yüksək şəraiti və müasir tədris-təlim
avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də 8 saylı tam orta
məktəbdir.