Təhsil robotlarının tədris prosesində tətbiqinə başlanılmışdır

  • Cümə axşamı , 20 Sentyabr 2018


  • 13:25

Son illər təhsildə müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması və informasiya-kommunikasiya texnologiyalarının tədris prosesində geniş və hərtərəfli istifadəsinin təmin olunması məqsədi ilə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) tərəfindən müxtəlif layihələr və tədbirlər hazırlanıb həyata keçirilir. Bu istiqamətdə aparılan işlər sırasında ümumi təhsil müəssisələrində təhsil robotlarının tədrisə inteqrasiyası xüsusi qeyd oluna bilər. Beləki, hazırda TSİİ tərəfindən Təhsil Nazirliyinin sifarişinə əsasən, 5 ümumi təhsil müəssisəsi Lego Education Mindstorms EV3  təhsil robotları ilə təmin olunub və əlavə olaraq, 15 ümumi təhsil müəssisəsinə də avadanlıqların paylanılmasına başlanılıb.

Layihə çərçivəsində ümumi təhsil müəssisələrinin informatika otaqlarına xüsusi olaraq "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilir, otaqlar avadanlıqlar üçün mebellərlə təchiz olunur. Məktəb müəllimləri "Lego Education" təhsil həlləri üzrə xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən təlimlərdən keçirilir. Müəllimlər təlimdə avadanlıq və proqram təminatlarından istifadə, robotların proqramlaşdırılması, təhsildə tətbiqi və inteqrasiyası barədə məlumat alır və robot texnologiyası və proqramlaşdırılması üzrə təməl biliklərə yiyələnir.

Təmin olunan robot dəstləri robotun “beyni” hesab olunan və proqramlaşdırıla bilən “Brick” kontroller çipi, Lego konstruktorlar və xüsusi blok əsaslı proqram təminatı hissələrindən ibarətdir. Uşaqlar konstruktor hissələrdən istifadə edərək onlara lazım olan modelləri hazırlayır və modelin hərəkətə gəlib verilən tapşırıqları yerinə yetirməsi üçün “Brick” çipini proqramlaşdırırlar. Midstorms EV3 əsas dəstdən başqa, daha böyük və müxtəlif fənlər üzrə spesifik tapşırıqların yerinə yetirilməsi üçün məktəblərə “Expansion”  dəsti də paylanılır. Cari ildən etibarən fizika və informatika dərslərində istifadə olunacaq avadanlıq dəstləri təmin olunur. Bununla yanaşı, yeni dərs ilindən etibarən 12 məktəb ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş Lego Education WeDo 2.0 robot dəstləri də əldə edəcəklər.

XXI əsrin ən son texnologiyası olan robot texnologiyasından istifadə gündəlik məktəb təcrübəsinə innovasiya və yaradıcılıq gətirir və professional müəllimlər üçün unikal həllər təklif edir. Dərslərdə diqqət robotların dizayn olunması və proqramlaşdırılmasına yönəlir. Şagirdlərin Lego konstruktorları ilə qarşılıqlı fəaliyyəti yalnız fiziki fəaliyyətlə məhdudlaşmır, həm də rəqəmsal texnologiyalardan istifadə ilə ənənəvi tədris metodlarından kənara çıxır. Beləki, şagirdlər qərar vermək, öz seçimləri üzərində düşünmək imkanı əldə edir və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirirlər.