Təhsil Nazirliyinin nümayəndə heyəti Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində işgüzar səfərdə olub. Nümayəndə heyətinin tərkibinə Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov, nazirliyin Statistika və təhlil sektorunun müdiri Elvin Nəsibov, Hesabatvermə və icraya nəzarət sektorunun müdiri vəzifəsini icra edən Yaşar Zeynalov və Akkreditasiya və Nostrifikasiya idarəsinin şöbə müdiri Turan Topalova daxil olub.
Azərbaycan Respublikasının Türkiyə
Respublikasındakı səfirliyinin dəstəyi ilə təşkil olunan səfərin məqsədi Türkiyə
Respublikasının təhsil sistemində informasiya texnologiyaları, təhsil sənədlərinin
tanınması, strateji planlaşdırma, təhsilverənlərin peşəkarlıq səviyyəsinin
artırılması, mətbuat və ictimati əlaqələr sahələri üzrə təcrübənin öyrənilməsi
və fikir mübadiləsi olub.
Səfərin ilk günü Türkiyənin Təhsil nazirinin müavini professor Mustafa Safranla görüş keçirilib. Görüşdə səfərin proqramı müzakirə
olunub və bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Daha sonra Türkiyə Respublikasının Təhsil Nazirliyi
və Ali Təhsil Şurasında bir sıra görüşlər keçirilib. Görüşlərdə Türkiyə
Respublikasının təhsil sistemində tətbiq olunan elektron idarəetmə sistemləri və
prosesləri, təhsil və tədris haqqında məlumatların toplanılması və təhlili, vətəndaş
müraciətlərinin qəbulu və təhsilverənlər üçün ixtisasartırma xidmətləri mövzularında
təqdimatlar keçirilib və bu istiqamətlərdə qarşılıqlı əməkdaşlığın gələcək
inkişaf perspektivləri müzakirə olunub.
Səfərin sonunda bu cür görüşlərin mütəmadi keçirilməsinin
faydalılığı qeyd olunub. 2-3 noyabr tarixlərində “Fatih layihəsi üzrə təhsil
texnologiyaları zirvəsi – 2018” mövzusunda keçiriləcək beynəlxalq tədbirdə Təhsil
Nazirliyinin nümayəndə heyətinin növbəti səfəri nəzərdə tutulub.