Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbuluna start verilir

  • Cümə , 2 Noyabr 2018


  • 13:25

Noyabrın 5-dən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbuluna start verilir. Bu proses noyabrın 9-dək davam edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçiriləcək. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq  (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə 700-ə yaxın vakant yer çıxarılacaq.