Noyabrın 6-da 132-134 nömrəli Təhsil
Kompleksində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində infotur keçirilib.
İnfotur informasiya texnologiyaları sahəsində ölkədəki qabaqcıl şirkətlərin
nümayəndələrini layihə ilə yaxından tanış etmək məqsədi daşıyıb.
10-a yaxın şirkət nümayəndəsinin qatıldığı tədbirdə
qonaqlar əvvəlcə yeni formatda keçirilən “İnformatika” dərsinin gedişi ilə
tanış olublar.
Tanışlıqdan sonra “Yeni tədris metodunun
şagirdlər üzərində müsbət təsiri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə
“Rəqəmsal bacarıqlar” layihəsi üzrə tətbiq edilən metodologiyanın şagirdlərin
“İnformatika” fənnini mənimsəməsində rolu müzakirə olunub. “Microsoft”,
“Edumedia”, “SAP”, “Bestcomp”, “İTE”, “AzEduNet”, “İT STEP” Kompüter
Akademiyasının, həmçinin Təhsil Nazirliyinin nümayəndələri “İnformatika” fənninin
tədrisinin təkmilləşdirilməsi yolu ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsində,
onların yüksək texnoloji ixtisaslara marağının artırılmasında layihənin rolunu
yüksək qiymətləndiriblər. “İnformatika” fənninin tədrisində təcrübi məşğələlərə
daha çox vaxt ayrılması xüsusi qiymətləndirilib və yeni yanaşmanın başqa fənlərə
də tətbiqinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” pilot layihəsi
2017-2018-ci tədris ilində Bakı şəhərində 45 məktəb üzrə 6500 şagirdi əhatə
edib. Cari tədris ilində isə Bakı və Gəncə şəhərləri üzrə 71 məktəb və 26 000
şagird bu layihəyə cəlb olunub. Layihə informasiya texnologiyaları sistemləri və
rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq
təhsil şirkəti ilə birgə keçirilir. Dünyanın ən innovativ metodikalarından
istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram
müvafiq sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Həmçinin fərdi təlim,
nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması
prinsiplərinə əsaslanır.