“Biz maddi
dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”
İlham ƏLİYEV
Tarixin
bütün dövrlərində təhsil insanların həyatında müstəsna əhəmiyyət kəsb etmişdir.
Müasir dövrün qlobal çağırışları isə bu əhəmiyyəti daha da artıraraq sahənin həlli
vacib olan əksər məsələlərini dövlətin və cəmiyyətin bir nömrəli prioritetinə
çevirir. Çünki müasir dövrdə təhsilin inkişafı istənilən ölkədə əhalinin
rifahının yaxşılaşdırılmasının, fərdin həyatının daha yüksək səviyyədə
qurulmasının alternativsiz təminatıdır. Bu gün insanlar məhz təhsilin vasitəsi
ilə texnologiyaları çevik şəkildə mənimsəyir, əmək bazarında layiqli yer tutur
və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə
münasibətdə düzgün mövqe seçmək imkanı qazanırlar.
Prezident
İlham Əliyevin rəhbərlik fəaliyyətinin hər dönəmində imzaladığı sənədlər içərisində
təhsillə bağlı sərəncamların çoxluğu bu sahənin üstün istiqamət daşıdığından
soraq verir.
Həmin
sənədlərdə aparılan islahatlar və genişmiqyaslı infrastruktur layihələri sayəsində
ölkəmizdə sosial-iqtisadi həyatın yenidən qurulması, davamlı inkişafı üçün şəraitin
yaradılması və qarşıda duran strateji vəzifələr öz əksini tapmışdır. Həmin vəzifələr
yaşam tərzimizin daha da modernləşdirilməsi və qabaqcıl təcrübəyə
uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsindən və əhalinin
həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə ilk növbədə
qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında
yaradılan innovasiyaların ölkə həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün
prioritet istiqamət respublikada insan kapitalının inkişafı, şəxsin yeni bilik
və bacarıqlara yiyələnməsinin təminatıdır.
Azərbaycan
Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq, hər bir gəncə hərtərəfli
bilik və bacarıqların verilməsi, sərbəst düşünən, müstəqil qərarlar qəbul etməyi
bacaran, fəal həyat mövqeli, aydın dünyagörüşlü kamil vətəndaşlar yetişdirmək məqsədilə
təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan
resurslarının inkişaf etdirilməsi dövlət siyasətinin başlıca şərtidir.
Müstəqil
Azərbaycan dövlətinin yaxın gələcək üçün qarşıya qoyduğu hədəflərə doğru mühüm
bir addım olan bu strategiya ulu öndər Heydər Əliyevin milli təhsilin inkişafı
sahəsində formalaşdırdığı zəngin ənənələrə, Prezident İlham Əliyevin Azərbaycana
rəhbərliyi dövründə bu sahədə əldə edilmiş böyük nailiyyətlərə söykənir.
Məzmun
dəyişikliyi
Azərbaycan
tarixinin heç bir dövründə təhsil indiki qədər geniş ictimai maraq predmeti
olmamışdır. Bu marağı şərtləndirən əsas amillər isə ölkə Prezidentinin təhsilə
olan xüsusi diqqəti, irəli sürülən vəzifələrin bütün respublikada icrası,
genişmiqyaslı təhsil quruculuğu işlərinin aparılması, eyni zamanda Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri olmuşdur.
Bu illərdə
milli təhsilin məzmunu, mahiyyəti dəyişmişdir. Azərbaycan məktəblərinin
maddi-texniki bazası müasirləşdirilmişdir. Məktəblər müasir avadanlıqlarla təchiz
edilmiş, informasiya-kommunikasiya texnologiyaları ilə zənginləşdirilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən və böyük ictimai dəstək
qazanan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi hesabına ölkəmizdə təhsilin
inkişafı ictimai hərəkata çevrilmişdir. Fond bu dəstəyi indi də davam etdirir.
Məktəb tikintisində yaxından iştirak etməklə yanaşı, onların əyani vəsaitlər, hər
cür ləvazimatlarla təmin olunmasında, şagirdlərin təhsilə həvəsinin artırılması
üçün motivasiyaedici tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Ölkədə
son 5 ildə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb
binası tikilmiş və ya əsaslı təmir edilmiş, nəticədə 1 milyondan artıq şagirdin
təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır. Ölkə Prezidentinin təşəbbüsü
ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingenti olan qəzalı məktəblərin
yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq
edilmiş, 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106 belə məktəb
quraşdırılmışdır. Bu ilin sonunadək 43 regionda 8120 şagird yerlik daha 137 məktəbin
quraşdırılması işləri başa çatdırılacaq, azkomplektli və qəzalı vəziyyətdə olan
kənd məktəblərinin problemi əsasən həll ediləcəkdir.
Sağlamlıq
imkanları məhdud şəxslərin təhsili də hazırda əsas prioritetlərdən sayılır. Həmin
kateqoriyadan olan uşaqların hüquqlarının təmin edilməsi və cəmiyyətə
inteqrasiyası məqsədilə Heydər Əliyev Fondunun və UNICEF-in dəstəyi ilə
"2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər
üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” hazırlanmış və ötən il təsdiq
edilmişdir. Proqramın məqsədi təhsilin bütün pillələri üzrə sağlamlıq imkanları
məhdud olan şəxslərin təhsilini digər həmyaşıdları ilə bərabər səviyyədə təmin
etməkdən və onlar üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.
Ümumi
təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, peşəkar kompetensiyalara və
idarəetmə bacarıqlarına malik menecerlərin hazırlanması, ümumi təhsil müəssisələrinin
direktoru vəzifəsinə səriştəli, yüksək idarəçilik qabiliyyətinə malik şəxslərin
seçilib yerləşdirilməsi məqsədilə yeni mərkəzləşdirilmiş müsabiqə mexanizmi tətbiq
olunmuş, son 5 ildə 700 nəfər direktor vəzifəsinə işə qəbul edilmişdir.
Bu gün
Azərbaycan təhsilində dünyanın ən inkişaf etmiş ölkələrini indiki həyat səviyyələrinə
qovuşdurmuş proseslər yaşanır. Həmin ölkələrin təcrübəsində uğur qazanmış qərarlar
Azərbaycanda da qəbul edilir. Artıq gənc nəsil qarşısında yeni üfüqlər açılır.
Azərbaycan vətəndaşları üçün təhsilalma imkanı təkcə ölkə sərhədləri ilə məhdudlaşmır.
Azərbaycan dövlətinin maddi və mənəvi dəstəyi ilə dünyanın ən nüfuzlu universitetlərinin
qapıları savadına, istedadına güvənən, müxtəlif istiqamətlər üzrə təhsil almaq
arzusunda olan hər bir gəncin üzünə açıqdır. Dünyanın bütün sivil ölkələrində
olduğu kimi, respublikamızda da yaxşı təhsil, yüksək fərdi inkişaf səviyyəsi
parlaq gələcəyin təminatı kimi dəyərləndirilir.
Dindirir
əsr bizi: yeni hədəflərə doğru
İnsan
kapitalının davamlı və dayanıqlı inkişafına nail olmaq üçün ölkəmizdə təhsil
sisteminin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi Azərbaycan
Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiqlənmiş "Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da öz əksini tapmışdır. Sənəddə təhsildə
keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılması, xüsusən
adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin təhsil sahəsində tətbiqi tədqiqatları,
eləcə də innovativ fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirilməsinin həyata
keçirilməsinin genişləndirilməsi nəzərdə tutulmuşdur. Təhsildə bütün maraqlı tərəflərin
cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük verilməsi, təhsil müəssisələrinin
müstəqilliyinin artırılması, onların dövlət-ictimai xarakterdə idarə edilməsi,
digər müasir idarəetmə texnologiyalarının tətbiqi kimi istiqamətlərdə
islahatyönlü tədbirlərin görülməsi bu konsepsiyanın irəli sürdüyü vəzifələrdir.
Ötən illər ərzində həmin vəzifələrin icrası istiqamətində mühüm nəticələr əldə
edilmişdir, təhsil sistemində tənzimləmə və idarəetməni həyata keçirən dövlət
orqanlarının funksiya və səlahiyyətləri qabaqcıl beynəlxalq təcrübəyə uyğun müəyyənləşdirilmiş
və onların fəaliyyətinin səmərəli əlaqələndirilməsi üçün müvafiq mexanizmlər
yaradılmışdır. Təhsil proqramları və dərsliklər müasir tələblər baxımından
yenilənir, şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud
"yaddaş məktəbi”ndən "təfəkkür və düşüncə məktəbi”nə keçidin təmin
olunması məqsədilə sistemli tədbirlər görülür.
Peşə təhsili infrastrukturu da əsaslı şəkildə müasirləşdirilir, bura cəlb olunan vətəndaşların sayı artırılır, ölkə iqtisadiyyatının tələbatı ilə uzlaşdırılır. Təhsil sisteminin səmərəliliyində, onun nailiyyətlərinin formalaşdırılmasında müəllim amilinin, nüfuzunun həlledici əhəmiyyəti nəzərə alınmaqla bu sahədə kadr hazırlığının gücləndirilməsinə xüsusi önəm verilir.
Azərbaycan
Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın
icrası prosesi bu baxımdan bir sıra mühüm nailiyyətlərlə müşayiət olunmuşdur.
Müvafiq strategiya məzmun etibarilə ən vacib istiqamətləri əhatə edir. Dünya
ölkələri arasında aparıcı mövqedə olan səriştəli müəllimlərin və təhsil
menecerlərinin hazırlanması, eləcə də qabaqcıl texnologiyalara əsaslanan təhsil
sisteminin yaradılması üçün beş strateji hədəf - məzmun, müəllim, idarəetmə,
infrastruktur və maliyyələşdirmə üzrə islahatların aparılması əsas götürülür. Səriştəyə
əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması məqsədinə uyğun olaraq
ötən 5 il ərzində bu sahənin bütün pillələrində mühüm nəticələr əldə
edilmişdir.
Eyni
zamanda təhsil sahəsində insan resurslarının müasirləşməsi diqqət mərkəzində
saxlanmış, səriştəli, təcrübəli təhsilverənin formalaşdırılması yönündə mühüm
addımlar atılmışdır. Əsas istiqamətlərdən biri də təhsildə səmərəli idarəetmə
mexanizmlərinin yaradılmasıdır. Bu istiqamət üzrə beynəlxalq təcrübəyə uyğun
müasirləşdirmə, təhsilin keyfiyyət təminatının artırılması, habelə təhsildə
yeni məlumat, hesabat sistemlərinin yaradılması istiqamətində də müəyyən işlər
görülmüşdür.
Təhsilin
keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində
son 5 ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricilərində
davamlı artım dinamikası müşahidə edilir. Belə ki, bu müddətdə qəbul
imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox
toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600
baldan artıq toplayanların sayı isə 81,3 faiz artmışdır. Cari ildə 3127 nəfər
abituriyent 600 baldan yuxarı nəticə göstərmişdir. Bu da 2013-cü ilə nisbətən təxminən
iki dəfə artım deməkdir. Ölkədə ali təhsilalma imkanları genişləndirilmiş, son
5 il ərzində qəbul olunan tələbələrin sayında 20,8 faiz artım olmuş, bu göstərici
cari ildə 41 min nəfər təşkil etmişdir.
İstedadlı
uşaqlarla sistemli işin təşkili nəticəsində respublikada Olimpiada hərəkatı
genişlənmiş, bu məqsədlə olimpiadaya hazırlıq mərkəzləri yaradılmışdır. 2018-ci
ildə respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak etmişdir. Həyata
keçirilən tədbirlər nəticəsində 2013-2018-ci illərdə beynəlxalq fənn
olimpiadalarında yetirmələrimiz 3 qızıl, 28 gümüş və 100 bürünc medal
qazanmışlar. Bu sahədə yeni ideya və təşəbbüslərin həyata keçirilməsi ilə bağlı
"İstedadlı uşaq və gənclərin inkişafı üzrə Dövlət Proqramı” hazırlanmış və
Nazirlər Kabinetinə təqdim edilmişdir. "Təhsil haqqında” qanuna edilmiş dəyişikliklərə
əsasən, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn
olimpiadaları qaliblərinin müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə
qəbulu təsbit edilmişdir.
Şagirdlərdə
məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf etdirmək, tədqiqatçılıq
bacarıqlarını formalaşdırmaq, innovasiyaları mənimsəmək və tətbiq etmək,
onların yüksək texnoloji ixtisaslara marağını artırmaq məqsədilə ötən tədris
ilində Bakı və Gəncə şəhərlərinin 71 ümumtəhsil məktəbində 26 min şagird cəlb
edilməklə "Rəqəmsal bacarıqlar” layihəsinə başlanmışdır. Elektron təhsil
texnologiyalarının tətbiqi məqsədilə "Elektron məktəb” layihəsi 50 təhsil
müəssisəsində davam etdirilmişdir.
Azərbaycan
təhsilində dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelinin
qurulması da bu gün ölkəmizdə həyata keçirilən strateji təhsil islahatlarının
mühüm hədəflərindəndir və onlara doğru da beynəlxalq təcrübəyə uyğun ardıcıl
addımlar atılır. Müvafiq strategiya çərçivəsində bir sıra innovativ layihələr
gerçəkləşdirilir. O cümlədən 2014-cü ildən başlayaraq Azərbaycan
Respublikasının ali təhsil müəssisələrində savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən
ibarət SABAH qrupları təşkil edilmişdir.
SABAH
qrupları və xaricdə təhsil
2014-cü
ildə ali təhsil sahəsində ilk dəfə olaraq yeni məzmun və tədris texnologiyaları
əsasında SABAH layihəsinin həyata keçirilməsinə başlanmışdır. Hazırda SABAH
qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas və 2300-dən
artıq tələbəni əhatə edir. Son iki ildə SABAH qruplarını 1572 məzun bitirmişdir
və ilkin təhlillərə əsasən onların 37 faizi təhsillərini ölkədə, 17 faizi
xaricdə magistratura səviyyəsində uğurla davam etdirir, qalan hissəsi isə
ixtisasları üzrə əmək fəaliyyətinə başlamışdır.
"2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində
3558 nəfər dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün təqaüd
qazanmışdır. Eyni zamanda, ayrı-ayrı ölkələrlə imzalanmış hökumətlərarası
sazişlərə əsasən ayrılmış kvotaya uyğun olaraq hazırda ümumilikdə 535 nəfər azərbaycanlı
tələbə müvafiq ölkələrin büdcəsi hesabına mühəndislik, kompüter elmləri,
nanotexnologiya, kənd təsərrüfatı və digər ixtisaslar üzrə təhsil alır. Hazırda
bir neçə ölkənin nüfuzlu universitetlərinin Azərbaycanda filialları açılmışdır.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, M.Seçenov adına I Moskva
Tibb Universitetinin Bakı filialları uğurla fəaliyyət göstərir. Eyni zamanda,
beynəlxalq ikili diplom proqramlarının tətbiqinə başlanmışdır. Məsələn, indi Azərbaycan
Turizm və Menecment Universiteti Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti,
Bakı Ali Neft Məktəbi Böyük Britaniyanın Heriot-Vat Universiteti, ADA
Universiteti ABŞ-ın Miçiqan Dövlət Universiteti və Niderlandın Maastrixt
Menecment Məktəbi ilə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fransanın
Strasburq Universiteti ilə ikili diplom proqramlarını tətbiq edir.
Azərbaycan
Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş
"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə
də təhsil məsələlərinə xüsusi yer ayrılmış, strateji yol xəritələrindən biri isə
məhz peşə təhsili və təliminin inkişafına həsr edilmişdir.
Bütün
bunlar zamanın çağırışlarıdır. Üstəlik, müasir dövrün insanının fəaliyyət
hüdudları təkcə milli məkan çevrəsində məhdudlaşıb qalmır. Qloballaşan
dünyamızda hər bir kəs Yer kürəsinin istənilən məkanında çalışmaq imkanına malikdir.
Qlobal əmək bazarı çalışmaq potensialı olan insanlara, demək olar ki, qeyri-məhdud
şəraitlər yaradır. Bu imkanlardan faydalanmaqdan ötrü sadəcə olaraq rəqabətqabiliyyətli
mütəxəssis kimi yetişmək lazımdır. Eyni zamanda, indi dünya iqtisadiyyatı ölkələrin,
mövcud iqtisadi subyektlərin bir-birinə elə sıx inteqrasiyasına əsaslanır ki,
bu mürəkkəb mexanizmin işlək bir hissəsi kimi çalışıb uğur qazanmaqdan ötrü
mütləq rəqabətqabiliyyətli mütəxəssislərə, innovasiyalara, müasir dəyərlər
yaratmağa qabil insan kapitalına malik olmalısan.
Azərbaycan
Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş
"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin
beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” isə bu yöndə
atılan və böyük nailiyyətlərlə müşayiət olunan tarixi addımların davamıdır.
Gələcəklə
bağlı aydın baxışlar
Yeni
dövlət proqramının məqsədləri kifayət qədər aydındır. Sənəddə irəli sürülən vəzifələrin
icrası "2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində əldə
olunan təcrübə və nailiyyətlərin qorunması və inkişafına xidmət edəcək. Bu
nailiyyətlərdən faydalanaraq, müasir rəqabət qabiliyyətinə malik insan
resurslarına ehtiyac təmin olunacaq. Yüksəkixtisaslı mütəxəssislərin ölkəmizdəki
ali təhsil müəssisələrində hazırlanması yolu ilə insan kapitalı dayanıqlı şəkildə
inkişaf etdiriləcək. Eyni zamanda, aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində
keyfiyyətli təhsil almaq imkanları hər bir Azərbaycan vətəndaşı üçün əlçatan
olacaq.
Proqramın
əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris
texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin
yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin
beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.
Ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiqi sənəddə vacib prioritet kimi irəli sürülmüşdür. ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Fransa və Yaponiya kimi ölkələrdə aktuallaşmış transmilli təhsil modelinin Azərbaycan Respublikasında tətbiqi uğurlu nəticənin əldə olunmasına şərait yaradacaqdır. Bu baxımdan beynəlxalq ikili diplom proqramlarının ölkəmizdə tətbiqinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar ölkənin inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə ali məktəblərimizdə tədrisin dünyanın qabaqcıl ali təhsil müəssisələrinin proqramlarına uyğun olaraq təşkili təmin ediləcək. Bu sahədə bəzi ali təhsil müəssisələrinin mövcud təcrübəsinin daha da genişləndirilməsi yaxın perspektivdə ölkənin təhsil sisteminin inkişafına, beynəlmiləlləşdirilməsinə və təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsi kimi əsas məqsədlərə nail olunmasına imkan verəcək.
Beynəlxalq
ikili diplom proqramları yolu ilə əcnəbi professor-müəllim heyətinin Azərbaycan
Respublikasının ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb olunması
müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaradacaq, təhsillərini
Azərbaycanda davam etdirən gənclərimizə yeni imkanlar açacaq. Əcnəbi mütəxəssislərin
müəllimlərimizlə birgə davamlı fəaliyyətinin qurulması onların ölkəni tərk
etdikdən sonra belə təhsil sisteminə töhfə vermələrini təmin edəcək. Nəticədə
ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə
çevrilməsi prosesi sürətlənəcək. Onların dünya reytinqində irəliləməsi təmin
olunacaq.
Bütün bunlar Azərbaycanın gələcəklə bağlı aydın baxışa malik olduğunu və özünü qloballaşan dünyanın uğurlu mənzərəsinə yüksək həssaslıqla hazırladığını göstərir. Bu uzaqgörən və peşəkar yanaşma müstəqil dövlətimiz üçün möhtəşəm bir gələcək yaradır.
Mənbə: “Azərbaycan”qəzeti