Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin
birgə təşkilatçılığı ilə məktəblilər arasında 2018-2019-cu tədris ili üzrə
“First Lego League (FLL) Azerbaijan” mühəndislik və robototexnika yarışı
keçiriləcək.
Yarışın
keçirilməsində məqsəd ümumtəhsil məktəblərinin şagirdlərinin elm və
texnologiyalara olan marağını artırmaq və hazırkı qlobal problemlərin
elmi-texniki həllinə töhfə verməkdir. Yarışda iştirak etmək üçün ölkə üzrə 31 məktəbin
komandası qeydiyyatdan keçib. Qeydiyyatdan keçən bütün komandalar yarışda
iştirak qaydaları ilə bağlı təlimatlandırılıb. Komandalara yarışda iştirak üçün
FLL dəstləri paylanılıb.
Yarışın
yerli turnir və mükafatlandırma mərasiminin cari ilin aprelin 6-da baş tutacağı
planlaşdırılır.
FLL
10-16 yaşlı məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat)
əsaslı robot texnologiyaları yarışıdır. Yarışda 6 nəfərdən ibarət komandalar
iştirak edirlər. FLL şagirdləri real elm və texnologiya problemləri ilə
qarşılaşdırır və onların həlli yollarını araşdırmaqla dünyagörüşlərini zənginləşdirir.
Hər il
dünyanın 88 ölkəsindən yarım milyon məktəblinin qatıldığı FLL yarışına Azərbaycan
ilk dəfə 2017-2018-ci tədris ilində qoşulub. Yarışın yerli turnirində qalib gələn
komanda Azərbaycanı Estoniyada keçirilən beynəlxalq yarışda uğurla təmsil
edib.
“Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın uğurla həyata
keçirilməsi nəticəsində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına
xüsusi diqqət yetirilir. Belə ki, Təhsil Nazirliyi tərəfindən son iki ildə
20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub. Məktəblərin
informatika otaqlarına "Lego Education" təhsil həllərinə uyğun tərtibat
verilib, məktəb müəllimləri təhsil robotlarının tədrisdə istifadəsi üzrə
xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən təlimlərə cəlb olunub.
Təcrübə göstərir ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil
qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində
işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirməyə şərait
yaradır.
Qeyd edək ki, “First Lego League (FLL) Azerbaijan” mühəndislik və robototexnika yarışında iştirak etmək üçün qeydiyyat 2018-ci ilin oktyabrın 22-dən başlayıb və noyabrın 15-dək davam edib.