TƏHSİL SİSTEMİNDƏ İKT İNFRASTRUKTURUNUN İNKİŞAF ETDİRİLMƏSİ

  • Bazar ertəsi , 14 Yanvar 2019


  • 13:25

2018-ci ildə Azərbaycan təhsil sistemində informasiya-kommunikasiya üzrə maddi-texniki baza təkmilləşdirilmiş, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işi davam etdirilmişdir. Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin olunması məqsədi ilə ölkə üzrə təhsil müəssisələrinə 18,000 ədəd noutbuk paylanılmışdır. Paylanılan avadanlıqların 27%-i Bakı şəhərinə, 73%-i isə rayonlara verilmişdir. Qeyd edək ki, kompüter avadanlığının paylanılması ümumtəhsil müəssisələrində idarəedici heyət və İKT otaqlarının kompüter avadanlığı ilə təminatı üzrə normativlərə əsasən həyata keçirilib.

Təhsil Nazirliyi Azərbaycanın ən böyük daxili təhsil şəbəkələrindən olan Azərbaycan Təhsil Şəbəkəsini (ATŞ) genişləndirmişdir. Belə ki, 2018-ci ildə 208 yeni təhsil müəssisəsi ADSL, 285 təhsil müəssisəsi simsiz rabitə xətləri, 65 təhsil müəssisəsi isə fiber optik rabitə kanalları vasitəsi ilə ATŞ-yə qoşulmuşdur. Ümumi ölkə üzrə 2746 təhsil müəssisəsi (fiber-optik qoşulma üzrə 206, simsiz qoşulma üzrə 694, ADSL qoşulma üzrə 1846) ATŞ-yə qoşulmuşdur. Onlardan 2403 təhsil müəssisəsi ümumi təhsil müəssisəsidir. ATŞ-yə qoşulmuş ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 85%-nə və pedaqoji heyətin 73%-nə faizinə bərabərdir.  ATŞ-yə qoşulmuş təhsil müəssisələri intensiv trafik tələb edən proqramlardan, videokonfranslardan və Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində yerləşdirilmiş elektron tədris resurslarından istifadə etmək imkanına malikdir.

Bununla yanaşı, ATŞ-yə qoşulmuş təhsil müəssisələrində internet filtrasiya sistemi tətbiq olunur. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir. İndiyədək ATŞ-ə qoşulmuş təhsil müəssisəsi internet və intranetə çıxışla təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası yaradılıb.

Eyni zamanda, bu istiqamətdə dövlət və özəl sektorların əməkdaşlığı imkanlarından istifadə olunur. Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “AzEduNet” MMC arasında əldə edilmiş razılaşmalara uyğun olaraq, təhsil müəssisələrinin Azərbaycan Təhsil şəbəkəsinə qoşulması prosesinin özəl sektorun imkanları hesabına ödənişsiz əsaslarla təmin edilməsi ilə bağlı işlək mexanizm hazırlanaraq tətbiq edilməkdədir. Bu cür yanaşma, öz növbəsində, dövlət büdcəsinin səmərəli və qənaətli istifadəsinə yol açmaqla, eyni zamanda, özəl sektorun dövlət infrastruktur layihələrində yaxından iştirakını effektiv şəkildə təmin edir. Seçilmiş tərəfdaşlıq modelinə əsasən, vahid təhsil şəbəkəsinə qoşulmuş təhsil müəssisələri dayaq nöqtələri kimi istifadə olunaraq, özəl sektorun təmsilçisi olan “ENGİNET” şirkətinin hesabına ətraf ərazilərdə yerləşən yaşayış binalarına çəkilən fiberoptik bağlantı saylarının müəyyən qədəri keçdikdə həmin təhsil müəssisələri aylıq abunə haqqından azad olunurlar. Belə ki, 2018-ci ilin iyun ayından etibarən “AzEduNet” MMC tərəfindən 6 təhsil müəssisəsi fiber-optik internet xidmətinin abunə haqqından azad edilmiş, 2019-cu ilin yanvar ayından isə əlavə olaraq daha 10 təhsil müəssisəsinin abunə haqqından azad edilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, “ENGİNET” və “AzEduNet” şirkətləri arasında olan razılaşmaya əsasən, indiyədək özəl sektorun maliyyə vəsaiti hesabına 79 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə fiber optik bağlantı vasitəsi ilə qoşulmuşdur. Qeyd edək ki, bu cür dövlət və özəl sektorların əməkdaşlığı layihələrinin genişləndirilməsi qarşıda duran əsas məsələlərdəndir.