Azərbaycan Təhsil Şəbəkəsi – perspektiv və üstünlükləri

  • Cümə axşamı , 24 Yanvar 2019


  • 13:25

Azərbaycan Təhsil Şəbəkəsi haqqında qısa məlumat:

Azərbaycan Təhsil Şəbəkəsi – ölkənin müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları (Təhsil Nazirliyi və tabe qurumları) vahid şəbəkədə birləşdirən ən iri təhsil intranet şəbəkəsidir. İcrasına 2008-ci ildə “2008-2012-ci illər üzrə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı” çərçivəsində başlanılmış layihə hazırda ölkə üzrə 2700-dən artıq təhsil müəssisəsini əhatə edir. Şəbəkəyə qoşulmuş ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 85%-nə və pedaqoji heyətin 73%-nə faizinə bərabərdir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan filtrasiyası, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (İP telefoniya, video-konfrans) təşkili, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

Azərbaycan Təhsil Şəbəkəsi məktəb idarəetmə sistemindəvə tədris prosesində informasiya texnologiyalarından effektiv istifadəyə şərait yaradır

Ölkədə təhsil sahəsində ən böyük daxili şəbəkə olan Azərbaycan Təhsil Şəbəkəsi tədris prosesində innovativ yanaşma və mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradır. Belə ki, Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin internet və intranet xidmətləri ilə təminatı, elektron təhsil resursları və idarəetmə sistemləri ilə təchiz edilməsi, tədris prosesində nəzarətin və qərarvermənin təkmilləşdirilməsivə rəqəmsallaşdırılması kimi mühüm istiqamətlər üzrə işlər həyata keçirilir.

Azərbaycan Təhsil Şəbəkəsi sürətli vəən əsasıtəhlükəsiz internetə çıxış təmin edir

Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində təhsil müəssisələrinə verilən internetin başlıca üstünlüklərindən biri ondan ibarətdir ki, avtomatik filtrasiya sisteminin köməyi ilə istənilən zərərli, qeyri-etik və təhlükəli onlayn məzmun filtrasiya olunur və beləliklə şagirdlər internetdən istifadə edərkən bu cür məlumatlardan mühafizə olunurlar. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-dək kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların arzuolunmazveb-məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir. Bu isə öz növbəsində, uşaq psixikasının internetin zərərli təsirlərindən qorunması ilə yanaşı, tədris prosesində şagirdlərin diqqətinin yalnız faydalı məzmun üzərində cəmləşməsinə xidmət edir.

Azərbaycan Təhsil Şəbəkəsi tədris prosesində interaktiv alətlərin tətbiqi və texniki dəstəklənməni mümkün edir

Müasir təhsil konsepsiyasının uğurlu icrasını şərtləndirən amillərdən biri də tədris prosesində interaktiv tədris metodikalarının tətbiqi ilə bağlıdır. Qeyd edək ki, ölkə üzrə təhsil müəssisələri kompüter avadanlığı, elektron lövhə və proyektorlar, təhsil robotları, elektron laboratoriya avadanlıqlarıilə təchiz edilirlər ki, bu avadanlıqların da istismarı fəaliyyəti üçün müəssisədaxili şəbəkə infrastrukturunun mövcudluğu zəruridir. Azərbaycan Təhsil Şəbəkəsi korporativ intranet şəbəkəsi olduğundan, nəinki əhatə etdiyi təhsil müəssisələrini vahid şəbəkə çərçivəsində birləşdirir, eləcə də müəssisədaxilindəlokal şəbəkə mühitinin formalaşdırılmasını mümkün edir. Bu kontekstdə tədris prosesinin yuxarıda sadalanan interaktiv imkanlarla zənginləşdirilməsi baxımından Azərbaycan Təhsil Şəbəkəsi mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Təhsil Şəbəkəsi tədrisdə idarəetmənin təkmilləşdirilməsi üçün infrastruktur imkanları yaradır

Azərbaycan Təhsil Şəbəkəsinə çıxış məktəblərdə idarəetmə sistemini müasir tələblərə uyğun qurmağa imkan yaradır. Belə ki, bir sıra pilot məktəblərdə inzibati və insan resurslarının idarə edilməsi, müəssisədaxili qərarvermə, qiymətləndirmə, proqnozlaşdırma, monitorinq proseslərinin elektron formada aparılması istiqamətində işlər görülür.Bu məktəblərdə təhsilin idarəedilməsi sistemləri tətbiq olunur ki, bunun köməyi ilə yuxarıda sadalanan işlərin düzgün və səmərəli təşkili mümkün olur. Bundan əlavə, məktəblərdə elektron jurnal, dərs cədvəli, valideyn nəzarət səhifəsi kimi həllərin istifadəsi tədrisin effektivliyini artırır.Əlbəttə ki, bu imkanların tətbiqi və istifadəsinin Azərbaycan Təhsil Şəbəkəsindən kənarda baş verməsi mümkün deyil. Belə ki, məlumatların şəbəkə üzərindən ötürülməsi və saxlanması üçün məhz Azərbaycan Təhsil Şəbəkəsinin resurslarından istifadə olunur.

Azərbaycan Təhsil Şəbəkəsi pedaqoji heyətin peşəkar inkişafına şərait yaradır

Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrində elektron təhsil resurslarına,  dərsliklərə, video materiallara internet trafiki istifadə olmadan daxil olmaq mümkündür. Bu isə işçilər üçün özünütəhsil, araşdırma və biliklərin tətbiqi üçün geniş imkanlar yaradır.Eyni zamanda, şəbəkə vasitəsi ilə aparıcı müəllimlərin dərslərinin digər ölkələrin təhsil müəssisələrində video nümayiş etdirilməsi imkanı vardır. Nəticədə müəllimlər digər ölkələrdən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra edir, beynəlxalq təcrübəni öyrənirlər. Qeyd edək ki, Azərbaycan 2013-cü ildən etibarən “eTwinning Plus” layihəsində iştirak edir. Sözügedən layihə çərçivəsində müəllimlər təhsil müəssisəsini tərk etmədən, onlayn şəkildə avropalı həmkarları ilə ortaq layihələrdə yeni bilik və bacarıqları səmərəli yolla əldə etməyi öyrənir,  müxtəlif təlim və kurslarda iştirak edirlər. Sözsuz ki, bu imkanların tətbiqi və istifadəsində Azərbaycan Təhsil Şəbəkəsinə çıxışın olması mühüm rol oynayır.