“eTwinning Plus” layihəsi çərçivəsində “Uğur Hekayəsi”

  • Çərşənbə , 6 Fevral 2019


  • 13:25

Aliyə Əhmədova, 13 ildir ki, Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbin fizika müəllimidir. O, 2016-cı ildən etibarən “eTwinning Plus” layihəsinə qoşulub. Qısa müddət ərzində,  Aliyə xanım “eTwinning Plus” layihəsində bir sıra uğurlar qazanıb.


“eTwinning Plus” layihəsi barədə məlumatı hardan əldə etdiniz və niyə qoşulmaq qərarına gəldiniz?

2016-cı ildə Təhsil Nazirliyinin saytında “eTwinning Plus” layihəsi çərçivəsində beynəlxalq layihələr işləyərək Avropa Keyfiyyət Nişanı və Avropa mükafatı almış yerli müəllimlərin təltifetmə mərasimi barədə xəbər oxudum. Layihə marağıma səbəb oldu və beynəlxalq layihələrdə iştirak etmək, təhsil üzrə dünya təcrübəsini öyrənmək üçün layihənin çox yaxşı imkan olduğunu düşündüm. Layihə barədə ətraflı məlumat əldə etmək üçün “eTwinning Plus Azerbaijan” feysbuk səhifəsinə üzv oldum. Orada verilmiş təlimatlara əsasən layihənin Azərbaycan üzrə idarəedici mərkəzi olan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə əlaqə yaratdım.


Layihəyə qoşulduqdan sonra tədrisdə nə dəyişiklik oldu?

Məlumdur ki, biz texnoloji proseslərin sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Texnologiyanın mərkəzində olan şagirdlərə dərs demək və bu dərsləri onlar üçün maraqlı etmək üçün müəllimlər daim özümüzü inkişaf etdirməli və yeni yanaşmalardan xəbərdar olmalıdır. Bu baxımdan, “eTwinning Plus” layihəsi dərsləri müasir , maraqlı, əyləncəli və səmərəli keçirmək üçün geniş imkanlar yaradır. Layihədə ən önəmli olan beynəlxalq təcrübənin öyrənilməsi və xüsusi ilə həmin təcrübəni şagirdlərin köməkliyi ilə tətbiq etməkdir. Biliyi layihələr üzərindən öyrənərkən şagirdlərdə ünsiyyət, yeni biliyin anında tətbiqi və müqayisəli öyrənmə bacarıqları formalaşır.

Tədris ilinin əvvəlində şagirdlərimlə birlikdə “eTwinning Plus” portalında bizə maraqlı olan və fizika fənninin tələblərinə cavab verən layihələri seçirik. 3-4 beynəlxalq layihəyə qoşularaq tədris planını həmin layihələrin planı ilə uyğunlaşdırıram. Layihə planına uyğun olaraq şagirdlər öz təcrübələrini xarici həmyaşıdları ilə paylaşaraq, eyni tapşırıqdan aldıqları fərqli nəticələri müzakirə edirlər. Bu şagirdlərin tənqidi düşüncələrini, yaradıcılıq qabiliyyətlərini formalaşdırır. Hər bir növbəti layihə şagirdləri daha da təcrübəli edir və onlar artıq sərbəst layihə planı hazırlayaraq xarici həmyaşıdlarını cəlb edə bilirlər. Yaranan çətinlikləri, problemləri özləri həll etdikcə şagirdlərin özgüvənləri və biliklərinə inamları artır. Nəticədə, bu onların peşəkar şəxsiyyət kimi formalaşmasına kömək edir.


Layihələr yaratmaqla yanaşı, peşəkar inkişafınız üçün “eTwinning”-dən istifadə edirsinizmi?

Düzünü deyim ki, “eTwinning” mənim şəxsi inkişafımda da böyük rol oynayır. Portalda peşəkar inkişaf üçün minlərcə onlayn kurslar və təlimlər var. Onlara qoşularaq, özümdə formalaşdırmaq istədiyim, inkişafa ehtiyac olan bacarıq və bilikləri öyrənirəm. Təlimlərin onlayn olması və yüksək səviyyəli peşəkarlar tərəfindən tədris edilməsi nəticənin də yüksək olmasına gətirib çıxarır. Eyni zamanda, layihənin Azərbaycan üzrə təmsilçisi tərəfindən hər il müəyyən sayda seçilmiş müəllimlər Avropada təşkil olunan təlimlərdə iştirak etmək üçün göndərilir. Qeyd edim ki, keçən il “eTwinning Plus”  Azərbaycan üzrə keçirilən “Ən yaradıcı layihə” müsabiqəsində qalib olaraq, 2019-cu il üzrə Avropada təşkil olunacaq təlimlərdə mən də iştirak etmək şansı qazanmışam. Düşünürəm ki, bu təlim avropalı həmkarlarımla üzbəüz görüşərək onların təcrübələri ilə daha yaxından tanış olmağa və əməkdaşlıq etməyə imkan verəcəkdir. Səfərdən qayıtdıqdan sonra şagirdlərim və həmkarlarımla bölüşəcək xeyli bilik və təcrübələrim olacaq.


Məktəbiniz Beynəlxalq “2018-2019 eTwinning Məktəbi” mükafatına layiq görülüb. Bu böyük uğur məktəbdə nələri dəyişdi?

Son 2 il ərzində portaldakı aktiv fəaliyyətimizin nəticəsidir ki, məktəbimiz Respublikanın “eTwinning Məktəbi” mükafatı almış 6 məktəbindən biri oldu. Bu qalibiyyət mənim və “eTwinning”-də fəaliyyət göstərən həmkarlarımın layihəyə inamını artırdı. Məktəbimizdə layihələri rahatlıqla icra etmək üçün “eTwinning” otağı da təşkil etmişik. Bu otaq internet xətti və kompüterlə təmin edilmişdir.


Son olaraq layihə ilə bağlı həmkarlarınıza nələri tövsiyə edərdiniz?

Tədris etdiyi fənndən, xarici dil bacarıqlarından asılı olmayaraq, təhsil yeniliklərinə açıq olan hər müəllim öz pedaqoji ustalığını “eTwinning” layihələrində nümayiş etdirə, xarici həmkarlarının təcrübələrindən faydalana və “eTwinning” peşəkar inkişaf proqramlarında özünü təkmilləşdirə bilər. Layihənin portalı çox sadə və öyrədicidir. Əminəm ki, yeniliklərə pozitiv yanaşan hər bir müəllim “eTwinning Plus” portalının imkanlarından istifadə etməklə müəyyən müddətdən sonra uğurlu nəticələr alacaqdır. Buna görə də, bütün müəllimlərimizi inkişafa açıq olmağa və yaradılan bu cür imkanları dəyərləndirməyə dəvət edirəm.