Azərbaycan dilində elektron tədris resursları genişləndirilir

  • Cümə , 22 Fevral 2019


  • 13:25

Bu gün informasiya və rabitə texnologiyalarının istifadəsi sahəsində aparıcı istiqamətlərdən biri təlim fəaliyyətində müasir texnologiyalardan effektiv istifadənin təmin edilməsidir. Bu fəaliyyətin həyata keçirilməsi məqsədi ilə, Təhsil Nazirliyi tərəfindən Azərbaycan dilli elektron məzmunun yaradılması və tədrisdə innovativ mexanizmlərin tətbiqi istiqamətində geniş işlər həyata keçirilməkdədir.

Elektron resurslar portalı – www.e-resurs.edu.az. Elektron resursları bir mənbədə cəmləşdirmək məqsədi ilə 2014-cü ildə www.e-resurs.edu.az portalı yaradılıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar və digər bu kimi təhsil resurslarına çıxış əldə edə bilir. Portalın əsas üstünlükləri resursların vahid məkanda cəmlənməsi, portaldan kompüter, planşet, mobil telefon vasitəsilə istifadə mümkünlüyü və interaktivliyin təmin edilməsidir.

Elektron dərsliklər portalı – www.e-derslik.edu.az. 2014-cü ildən fəaliyyət göstərən elektron dərslik portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq və onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Portal vasitəsilə istənilən vaxt və məkanda dərsliklərə müraciət etmək mümkündür. Bu sistem təhsilalanların dərsliklərdən istifadəsində mobilliyi artırır və onların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır. Portalda elektron dərsliklər  sinif, bölmə, dərsliyin tipi və fənlər üzrə qruplaşdırılıb. Dərsliklər əlavə video, foto və audio materiallarla zənginləşdirilir ki, bu da şagirdlərə mövzuları daha yaxşı mənimsəməyə şərait yaradır.  Hazırda portalda 241 ədəd dərslikdə 35 mindən artıq mövzu əhatə olunub. Portaldan bugünədək 4 milyon dəfədən çox istifadə olunub.

Video dərslər portalı – www.video.edu.az. 2011-ci ildən fəaliyyət göstərən video dərslər portalının məqsədi təhsilalanlar üçün əlavə tədris materialları təqdim etmək və interaktiv öyrənmə imkanlarını genişləndirməkdir. Video dərslərin digər əhəmiyyəti isə müəllimlərin daha təcrübəli həmkarlarının dərslərini izləmək və yeni tədris metodları ilə tanış olmaq imkanının yaradılmasıdır. Portal 3D animasiyalı videolar və Khan Academy dərsləri, multimedia məzmunlu və qiymətləndirmə sistemli video dərslər ilə zəngindir. Hazırda portalda müxtəlif fənlər üzrə 610-dan çox video dərslər yerləşdirilib. 2018-ci ildə saytın ümumi dizaynı tamamilə yenilənib və iOS və Android tətbiqləri istifadəyə verilib.  

Elektron testlər portalı – www.e-test.edu.az. Elektron testlər portalı 2014-cu ildə şagirdlərin müxtəlif fənlər üzrə əldə etdikləri bilikləri möhkəmləndirmək və onlar arasında bilik yarışmaları təşkil etmək məqsədi ilə yaradılıb. Portaldan istifadə etməklə şagirdlər həmyaşıdları ilə sağlam rəqabətə qoşulur və asudə vaxtlarını səmərəli istifadə edə bilirlər. Hazırda portalda müxtəlif fənlər üzrə 50 mindən çox test tapşırıqları var. Şagirdlər test tapşırıqlarını etdikdən sonra nəticələr üzrə reytinq cədvəlində neçənçi yerdə olduqlarını görə bilir və nəticələrini yüksəltmək üçün daha çox çalışırlar.

 “eTwinning Plus” layihəsi www.etwinningplus.edu.az. Avropa Komissiyasının təşəbbüsü ilə yaradılmış “eTwinning” layihəsinə Azərbaycan 2013-cü ildə qoşulmuşdur. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, digər ölkələrdən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Layihə nəticəsində Azərbaycan şagirdləri Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanırlar.

Mühəndislik və robot texnikası yarışı – www.fllazerbaijan.org. Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2017-2018-ci tədris ilindən başlayaraq hər il məktəblilər arasında “First Lego League Azerbaijan (FLL)” mühəndislik və robot texnikası yarışı keçirilir. FLL 10-16 yaşlı məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı robot texnologiyaları yarışıdır. FLL şagirdləri real elm və texnologiya problemləri ilə qarşılaşdırır və onların həlli yollarını araşdırmaqla dünyagörüşlərini zənginləşdirir. Yarışda 6 nəfərdən ibarət komandalar iştirak edirlər. Yarışın yerli turnirində qalib gəlmiş komandalar xaricdə keçirilən beynəlxalq turnirlərə qoşulurlar.

Təhsil sisteminin informasiyalaşdırılmasının istiqamətində həyata keçirilən bu layihələr şagirdlərdə məntiqi təfəkkür, yaradıcı yanaşma, təşəbbüskarlıq, problemlərin həlli, qərarların qəbul edilməsi, müstəqil öyrənmə kimi 21-ci əsr bilik və bacarıqlarının (kompetensiyalarının) inkifaşına yönəlib və ənənəvi öyrənmə formalarını zənginləşdirməyə xidmət edir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin genişləndirilməsi və davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.