Beynəlxalq “PolyChallenge” müsabiqəsi keçirilir

  • Çərşənbə axşamı , 19 Mart 2019


  • 13:25

Təhsil Nazirliyinin dəstəyi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi və “Mars Academy” şirkətinin təşkilatçılığı ilə Azərbaycanda beynəlxalq “PolyUp” layihəsi həyata keçirilir.

Hesablama düşüncəsini inkişaf etdirən, real həyatda problemlərin səmərəli üsullarla həllinə yönəlmiş və hər kəsə açıq olan oyun tipli “PolyUp” platforması həm məktəb müəllimləri, həm də şagirdlər tərəfindən böyük maraqla qarşılanıb. Platforma şagirdlərə virtual olaraq genişləndirilmiş reallıqda obyektləri dəyişərək riyaziyyat və kompüter elminin onların həyatına təsirini anlamağa şərait yaradır. Həmçinin layihəyönümlü öyrənmə prosesində şagirdlərin yaradıcı təfəkkürü inkişaf edir.

“PolyUp” istifadəçilərini həvəsləndirmək məqsədilə, cari ilin fevral ayından etibarən ölkədə beylənxalq “PolyChallenge” müsabiqəsinə start verilib. Fevralın 25-dən martın 4-nə qədər birinci müsabiqə elan olunub. Müsabiqədə iştirak üçün hər müəllim öz şagirdlərindən ibarət olan “PolyUp” komandası yaradıb. Müsabiqədə ümumi 70-dən çox  müəllim və 350-dən çox şagird iştirak edib. İştirakçılar müxtəlif riyazi tapşırıqlardan ibarət olan “Poly maşınları” hazırlayıb və onları həll edib “Poly xalları” qazanıblar. Ümumi olaraq Azərbaycan üzrə 75000-dən çox Poly xal toplanılıb və ən çox xal toplayanlar sırasından qalib komanda müəyyən olunub. Qalib gələn komanda hədiyyə ilə təltif olunub.

Hal-hazırda Azərbaycan üzrə “PolyChallenge” müsabiqəsinin 2-ci mərhələsinə start verilib. Müsabiqədə iştirak etmək istəyən müəllim və şagirdlər  müsabiqənin rəsmi saytından (www.polychallenge.org/azerbaijan-prize-az) ətraflı məlumat əldə edə bilərlər. Qeyd edək ki, müsabiqə mart ayının 25-ə qədər davam edəcək.