Ölkəmizdə elektron xidmətlər
“Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın, “Dövlət orqanlarının
elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinə
uyğun olaraq həyata keçirilir. Yəni, bu sahədə aparılan işlər həm
qanunvericiliyin, həm də dövrün tələbidir.
Bu tələbi nəzərə alaraq, Təhsil
Nazirliyi artıq bir neçə ildir ki, təhsilin ayrı-ayrı sahələrində elektron xidmətlərin
tətbiqini uğurla davam etdirir. Bununla idarəçilikdə müasir texnologiyaların tətbiqini
genişləndirmək, onlardan istifadə imkanlarını sadələşdirmək, qulluqçular və vətəndaşlar
arasında olan “məsafə”ni azaltmağı hədəfləyib. Bəs, qurum hədəfinə çatıbmı?
Əvvəlcə “məktəbə gedən yol”
elektronlaşdı
Təhsil sistemində ən böyük hadisə
birinci sinfə qəbul zamanı elektron xidmətin tətbiqi oldu. Ümumtəhsil məktəbləri,
lisey və gimnaziyaların 1-ci sinfinə elektron sənəd qəbulu sistemi -
www.mektebeqebul.edu.az-ın fəaliyyəti məktəbləri və valideynləri birdən-birə
elektron xidmətlərin fəal iştirakçısına çevirdi.
Bakıdan başlayan bu prosesdə ilk
illərdə anlaşılmazlıqlar, suallar ortaya çıxsa da, bunların hamısı operativ şəkildə
həll olundu. Artıq Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan,
Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində
I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir.
Bu günə olan ümumi mənzərə ondan
ibarətdir ki, artıq paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az)
paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu
proqnozunun təxminən 72 faizindən çoxdur.
Cəmi 5 ildir elektronlaşan məktəbəqəbul
prosesində hər il fərqli yeniliklər qeydə alınır. İnsanların rahatlığına, qəbul
prosesinin sadələşdirilməsinə xidmət edən həmin islahatlar elektronlaşmanın əhatə
dairəsinin genişlənməsinə də təsir edir. Məsələn, ötən tədris ilində məktəbəhazırlıq
qruplarında təhsil alan uşaqların I sinfə qəbulu sistemdə avtomatik elektron
sorğu yaradılmaqla həyata keçirildi. Bu ildən tətbiq edilən yenilik isə xüsusi
qayğıya ehtiyacı olan uşaqları əhatə edir. Belə ki, 2019-2020-ci tədris ili üzrə
xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qeydiyyat da artıq elektron
formada aparılır.
Qeydiyyatı valideyn (qanuni nümayəndə)
aparır. Bunu o, onlayn qaydada da, müəyyən olunmuş məktəblərdə yaradılan
alternativ qeydiyyat mərkəzlərinə gedərək də həyata keçirə bilər. Bakı üzrə
valideynlərə kömək məqsədilə 50 alternativ qeydiyyat mərkəzi yaradılıb.
Elektron sistem tətbiq edilən şəhər və rayonlar üzrə ümumilikdə 82 alternativ
qeydiyyat mərkəzi fəaliyyət göstərir.
Məktəbəhazırlıqda da vəziyyət
eyni sürətlə davam edir. Əhatə dairəsinin genişləndirilməsi tezliklə bütün ölkə
ərazisində məktəbəhazırlığa qəbulun elektron qaydada reallaşdırılacağından xəbər
verir. Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu sistemi olan www.mektebeqebul.edu.az sayəsində
Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron,
Yevlax, Samux rayonlarının ümumi təhsil məktəblərinin, o cümlədən həmin şəhər və
rayonlarda yerləşən məcburi köçkün məktəblərinin məktəbəhazırlıq qruplarına qəbul
elektron qaydada keçirilir. Elektron ərizənin qeydiyyatı prosesində valideynlər
(qanuni nümayəndələr) məktəbi, təlim dilini və müəllimi seçmək hüququna malik
olur. Hər hansı səbəbdən elektron qeydiyyatdan keçə bilməyən valideynlərə
(qanuni nümayəndələrə) alternativ qeydiyyat mərkəzlərində elektron qeydiyyatdan
keçmək üçün kömək göstərilir.
Qeyd edək ki, əhaliyə göstərilən
bu elektron xidmətin dairəsinin genişləndirilməsi həm də şagird kontingentinin
uçot sisteminin təkmilləşdirilməsinə töhfəsini verir. I sinfə şagird qəbulu üzrə
müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə xidmət
edir.
Təhsil sistemində elektron xidmətlərin
tətbiqi valideynin sadəcə məktəbəqəbul prosesində işini rahatlatmayıb. Artıq 9
ildir ki, valideyn öz uşağına bu sistemin köməyi ilə nəzarət də edə bilir. Necə?
www.ael.edu.az səhifəsində şagirdin məktəbli kitabçası
və davamiyyət jurnalı yerləşdirilib. Valideynlər öz uşağının qiymətləri, dərsə
davamiyyəti haqqında məhz bu ünvandan məlumat əldə edirlər.
Hələlik 43 elektron məktəb üzrə
şagird məlumatlarının valideynlər tərəfindən nəzarəti mümkünləşdirilib. Həmin təhsil
müəssisələrində tədrisin idarəolunmasının avtomatlaşdırılması şagirdə qiymət
qoyulduğu anda valideynin bundan xəbər tutmasına imkan yaradır. Qeyd edək ki,
yaradılan proqram təminatı vasitəsi ilə hər bir valideyn elektron jurnalda
yalnız öz övladının qiymətlərinə baxa bilir.
Şagirdlər kimi, müəllimlər də
məktəbə “elektron yolla” gəlir
Məktəblərə sadəcə şagird qəbulu
yox, elə müəllim qəbulu da elektron qaydada həyata keçirilir. Artıq 5 ildir
ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin
qəbulu, imtahan nəticələri haqqında məlumatın verilməsi onlayn aparılır. Bu
prosesin nəticəsidir ki, www.miq.edu.az müəllim
olmaq istəyən gənclərin, müəllimliyə qayıtmaq istəyən peşəkarların ünvanına
çevrilib. Öz şəxsi kabinetini açaraq bu ünvana “yerləşən” namizədlər üçün
buradan məktəbə, müəllimliyə cəmi 4 addım - 4 mərhələ qalır. Başqa sözlə, ümumi
təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün müraciətlərin
və sənədlərin qəbulu və imtahan, müsahibə nəticələri haqqında məlumatların
verilməsi elektron sistem vasitəsi ilə aparılır. Bu xidmət ümumi təhsil müəssisələrində
vakant yerlərə müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsini
təmin edir.
5 il müəllim işlədikdən sonra isə
iddialı namizədlər üçün hədəflər dəyişir. Hər müəllim öz peşəsində yüksəlmək
istəyir. Hələ bu da elektron qaydadadırsa, tərəddüdə yer qalmır. www.miq.edu.az-a yenidən
müraciət lazım gəlir. Çünki ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu
üzrə müraciətlərin və sənədlərin qəbulu da www.miq.edu.az vasitəsi ilə aparılır.
Bu xidmət vasitəsi ilə ümumi təhsil
müəssisələrinə direktorların işə qəbulu üzrə müraciətlərin və sənədlərin qəbulu,
o cümlədən müsabiqə nəticələri haqqında məlumat elektron formada verilir. Namizədlərin
sistemə daxil edilmiş məlumatları Nazirliyin müsabiqə komissiyaları tərəfindən
araşdırılır və elektron ərizələr təsdiq edilir. Müsabiqənin nəticələri barədə məlumatı
vətəndaş “Şəxsi səhifə”sindən əldə edə bilir.
Elektron köçürülmə
Elektronlaşma sadəcə ümumi təhsil
pilləsində aparılmayıb. Artıq ali təhsili pilləsində də məşhurlaşan, tələbələrin
güvənini qazanan elektron ünvanlar var. Məsələn, ölkə daxilində və xaricində
yerləşən ali (bakalavr və magistratura səviyyələri üzrə), orta ixtisas təhsil
müəssisələrindən köçürülmə sistemi - www.transfer.edu.az bir çox tələbələrin ümid yerinə
çevrilib. Çünki Azərbaycanda ali və orta ixtisas təhsili alan tələbələrin
ixtisasının və ya təhsil alma formasının dəyişdirilməsi, bir ali və orta
ixtisas təhsil müəssisəsindən digərinə köçürülməsi də elektron sistem vasitəsi
ilə aparılır. Köçürülmə qış və yay tətili dövründə, ildə 2 dəfə həyata
keçirilir. Müvafiq qaydalara əsasən, ixtisasın dəyişdirilməsi və ya bir ali və
orta ixtisas təhsil müəssisəsindən digərinə köçürülməsi tələbənin qəbul
olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən
olunmuş eyni ixtisas qrupu daxilində olur.
Ali təhsil pilləsində daha bir
elektron ünvan Təhsil Nazirliyinin SABAH qrupları layihəsini əhatə edir. Layihəyə
tələbə qəbulu www.student.sabah.edu.az vasitəsilə
həyata keçirilir. Elektron qeydiyyat sistemi SABAH qrupları üzrə vahid tələbə məlumat
bazasının formalaşmasını, müsabiqə nəticələrinin emalını, məlumatların müxtəlif
formada çeşidlənməsini, müsabiqənin bütün mərhələlərində tələbələrə elektron
poçt vasitəsi ilə bildirişlərin göndərilməsini və SABAH qruplarına qəbul
olunmuş tələbələrin yekun qeydiyyatının elektron qaydada aparılmasını təmin
edir.
Xarici dövlətlərin ali təhsil sahəsində
ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinin
(nostrifikasiyası) onlayn yoxlanılması üçün artıq 6 ildir ki, www.ani.edu.az fəaliyyətdədir.
Yəni, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil
proqramının uğurla bitirilməsini təsdiq edən sənədin də, bu və ya digər dərəcə verən
hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin də tanınması üçün tələb
olunan müraciət formasıwww.ani.edu.az-da
yerləşdirilib. Bu da o deməkdir ki, istənilən təhsil sənədinin Azərbaycan Respublikasının
ərazisində qüvvədə olmasının təsdiqi elektron sistem vasitəsi ilə həyata
keçirilir. Eyni zamanda, bu xidmət vasitəsi ilə diplom sahiblərinə Azərbaycan
Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik
olduqları eyni akademik və peşə hüquqlarının verilməsi də mümkündür.
Təhsilin elektron sistemində təhsil
sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması xidməti də var. Artıq 3 ildir
mövcud olan bu xidmət diplom haqqında məlumatların elektron formada əldə
olunması məqsədi ilə yaradılaraq “Elektron hökumət” portalında istifadəyə
verilib (www.e-gov.az).
İstifadəçi diplomun seriya və nömrəsinə görə, həmçinin, FİN-ə görə axtarış etməklə
diplom haqqında məlumat əldə edə bilər.
Təhsil Nazirliyi tərəfindən ümumi
təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün Təhsildə inkişaf və
innovasiyalar üzrə artıq III qrant müsabiqəsi keçirilir. Məqsədi təhsil müəssisələrində
və təhsilverənlərdə sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırmasından
ibarət olan müsabiqənin nəticələrinin təhlili göstərir ki, indiyədək kifayət qədər
məktəbi, müəllimi, şagirdi və valideyni əhatə edərək maraq və rəqabət mühitinin
yaranmasına səbəb olub. Müsabiqəyə qatılanların coğrafiyası da genişdir: bütün
Azərbaycan ərazisi. Bu ildən isə daha da genişlənəcəyi, əhatə dairəsinin
artacağı, iştirakçı sayının çoxalacağı gözlənilir. Bu gözlənti tətbiq edilən
yeniliklə bağlıdır. Belə ki, bu ildən müsabiqənin təşkilinin
elektronlaşdırılması, müraciət və qiymətləndirmənin tamamilə elektron qaydada
aparılması prosesin asanlığını, rahatlığını və şəffaflığını təmin edəcək.
Müsabiqəyə qatılmaq istəyənlər www.grants.edu.az saytında qeydiyyatdan keçməli və
müvafiq sənədləri sistemə yükləməlidirlər. Saytın daha bir üstünlüyü
iştirakçıların öz layihəsi üzərində son ana qədər işləyə bilməsini, dəyişiklik
etmək imkanını təmin etməsidir.
Beləliklə, müsabiqə
iştirakçılarının hər hansı şəxslə əlaqə yaratmasına gərək qalmadan, elektron
qaydada həyata keçiriləcək. Bu da o deməkdir ki, layihə təqdim edən müəllimin və
ya məktəbin qalib olana və onunla müqavilə bağlanana qədər hər hansı şəxslə əlaqəsi
olmayacaq. Həyata keçirilən yenilik müsabiqənin təşkilinin effektivliyi ilə
yanaşı, nəticələrinin də şəffaflığını təmin edəcək. Üstəlik, sadəcə şəffaflığın
təmin edilməsi baxımından deyil, elektronlaşma elə vaxt itkisinin aradan
qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin
formalaşması baxımından da olduqca əhəmiyyətlidir.
Elektronlaşma əlçatan edir
Rayon (şəhər) təhsil şöbələrinin
(idarələrinin) əlaqə ünvanları isə www.regionlist.edu.az-dadır. Bu yolla rayon (şəhər) təhsil
şöbələrinin (idarələrinin) koordinatlarını əldə etmək mümkündür. www.regionlist.edu.az portalına
daxil olub istənilən rayon (şəhər) təhsil şöbələri, (əlaqə saxlamaq üçün
elektron poçt ünvanı, əlaqə nömrəsi və ünvanı və s.), eləcə də şöbənin
tabeçiliyində olan müəssisələr haqqında ümumi məlumatlar, yeniliklər və tədbirlər
barədə informasiya əldə etmək mümkündür.
Təhsil Nazirliyində Vətəndaş
müraciətlərinin qəbulu və vəzifəli şəxslərin qəbuluna yazılması sistemi də
elektronlaşıb. Belə ki, artıq həm şəxsən, həm də Təhsil Nazirliyinin rəsmi
internet səhifəsi vasitəsi ilə elektron formada müraciət edib vəzifəli şəxslərin
qəbuluna yazılmaq mümkündür. www.edu.gov.az-a göndərilmiş müraciətlər “Vətəndaşların
müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq qeydiyyata alınır və baxılır.