“eTwinning Plus” - uğur hekayələri

  • Bazar ertəsi , 22 Aprel 2019


  • 13:25

Pərviz Fərzəliyev “eTwinning Məktəbi” mükafatına layiq görülmüş Bakı şəhəri 220 nömrəli məktəb-liseyin 7-ci sinif şagirdidir. O, 2-ci sinifdən etibarən “eTwinning Plus” layihəsində aktiv iştirak edir. Qoşulduğu müxtəlif layihələr 2015-ci ildə Avropa Kefiyyət nişanı və 2018-ci ildə Milli Keyfiyyət Nişanına layiq görülüb.  

Hal-hazırda Pərviz “e-Brain Ring” beynəlxalq onlayn layihənin fəal iştirakçısıdır. Layihə çərçivəsində Pərviz maraqlı təqdimatlar hazırlayır, intellektual oyunlarda iştirak edir. İngilis dili müəllimi Ofeliya Qafarova bildirir ki,  beynəlxalq təhsil layihələrində fəallığı Pərvizin ünsiyyət və əməkdaşlıq bacarıqları ilə yanaşı, informasiya ilə işləmək, tədqiqat aparmaq, media və texnologiya vərdişlərini inkişaf etdirib. – “İştirak etdiyi layihələr çərçivəsində Pərviz ingilis dilində sərbəst ünsiyyət bacarıqlarına yiyələnib, onun intellektual və yaradıcı potensialı üzə çıxıb.”

Pərviz Fərzəliyev: Biz tədris ilinin əvvəlində “eTwinning Plus” portalında bizə maraqlı olan layihələri seçirik. Öz təcrübələrimizi xarici həmyaşıdlarımız ilə paylaşır və eyni tapşırıqdan aldığımız fərqli nəticələri müzakirə edirik. Hər növbəti layihə bizi daha da təcrübəli edir və biz artıq sərbəst layihə planı hazırlaya bilir və layihələrimizə xarici həmyaşıdlarımızı cəlb edə bilirik. Yaranan çətinlikləri, problemləri özümüz komanda şəklində həll etdikcə bizim öz biliklərimizə güvənimiz artır və daha da yaxşı nəticələr üçün motivasiyamız yaranır. “Beynəlxalq əməkdaşlıq üzrə bu cür təhsil layihələri mənə yeni bilik və bacarıqlar, ən əsası isə ölkəmizdən və xarici ölkələrdən çoxlu dostlar qazandırıb.”

Pərvizin qazandığı bacarıqlar onu bir sıra digər layihələrdə də uğurlu edib. Belə ki, Pərviz cari ilin 29 mart tarixində Qlobal Pul Həftəsi çərçivəsində keçirilmiş Avropa Pul Viktorinasının (Europian Money Quiz) milli mərhələsinin qalibi olub. Otuz iki bank assosiasiyasını birləşdirən Avropa Banklar Federasiyasının üzv ölkələri arasında təşkil etdiyi Avropa Pul Viktorinası məktəblilərin maliyyə savadlılığının artırılmasını dəstəkləmək məqsədilə keçirilib. Azərbaycan məktəbliləri ilk dəfə bu il viktorinaya qoşulublar. Təşkil olunan milli mərhələ 2 turda keçirilib. Hər iki turda ən yüksək nəticə göstərmiş Pərviz qalib olub və ölkəmizi may ayının 6-7-də Brüsseldə keçiriləcək Avropa Pul Viktorinasının final mərhələsində təmsil edəcək.