Fransada “eTwinning” layihəsinin illik konfransı keçirilib

  • Bazar ertəsi , 4 Noyabr 2019


  • 13:25

Fransada “eTwinning” layihəsinin illik konfransı keçirilib.

Tədbirdə layihəyə üzv olan Avropa ölkələrinin Təhsil nazirliklərinin nümayəndələri və müəllim heyəti iştirak edib. Konfransda Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin heyəti və 3  müəllim ölkəmizi təmsil edib.

Konfrans çərçivəsində rəqəmsal mühitdə kritik düşüncənin formalaşdırılması, kompüter elmləri və kodlaşdırma, onlayn mühitdə şagird təhlükəsizliyinin təmin edilməsi mövzularında müxtəlif seminar, plenar sessiya və  təlimlər təşkil olunub. Həmçinin layihə əsaslı  dərs planının qurulması, şagirdyönümlü təhsilin inkişafı, onlayn peşəkar inkişaf metodları istiqamətində mövzular müzakirə olunub.

“eTwinning” layihəsinin təhsilverənlərin peşəkar inkişafı və İKT-nin tədrisdə tətbiqi sahəsində rolu üzrə müzakirə panelində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov Xorvatiyanın Təhsil nazirinin müavini, Fransa, Malta, Portuqaliyanın rəsmi nümayəndələri ilə birgə müzakirələrə qoşulub. Vüsal Xanlarov layihənin təhsil sisteminə inteqrasiyası və ölkəmizdə uğurlu icrası barədə fikirlərini bölüşüb.

3 gün davam edən tədbirdə müəllimlərimiz peşəkar inkişaf təlimlərinə cəlb edilib və bu sahədə xarici həmkarları ilə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Avropa Komissiyasının təşəbbüsü ilə yaradılmış “eTwinning” layihəsinə Azərbaycan 2013-cü ildə qoşulub. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları, digər ölkələrdən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Layihə çərçivəsində Azərbaycandan indiyədək 524 məktəbdən 1912 müəllimin iştirakı ilə 1755 təhsil layihəsi həyata keçirilib. Eyni zamanda, layihədə iştirak edən müəllimlər onlayn təlimlər, Avropanın müxtəlif ölkələrində keçirilən seminar və konfranslarda iştirak edirlər.