Azərbaycanda 2013-cü ildən etibarən reallaşdırılan beynəlxalq
“eTwinning Plus” layihəsinin əhatə dairəsi genişləndirilir. Hazırda layihədə
2000-dən çox təhsil işçisi iştirak edir ki, onlardan 1054 nəfəri cari ildə
layihəyə qoşulub.
“Erasmus+” proqramı çərçivəsində reallaşan “Fasiləsiz Təhsil Proqramı”nın
tərkib hissəsi olan “eTwinning” layihəsi təhsil sistemi üçün innovativ tədris
metodları, fənlərin inteqrativ tədrisi, şəxsi inkişaf, İKT-nin təhsilə tətbiqi,
effektiv idarəetmə baxımından geniş imkanlar yaradır.
Layihə çərçivəsində Azərbaycandan indiyədək 551 məktəbdən 2066 müəllimin
iştirakı ilə 1949 təhsil layihəsi həyata keçirilib. 2019-da yaradılan 916
layihədən 124-ü ölkədaxilində, 792-si isə avropalı həmkarlarla ortaq işlənilir.
Həyata keçirilən layihələr sırasında 131-i 2019-cu ildə olmaqla,
ümumilikdə 255 layihə “Avropa Keyfiyyət Nişanı”na layiq görülüb.
Ölkə üzrə artıq 9 məktəb beynəlxalq “eTwinning Məktəbi” mükafatı
qazanıb və daha 7 məktəb isə 2020-ci ildə keçiriləcək müsabiqədə nominant
olaraq iştirak edirlər.
Layihədə iştirak edən təhsil işçilərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə Avropanın müxtəlif ölkələrində keçirilən seminar və konfranslarda cari ildə ölkəmizdən 19 müəllim və 2 direktor iştirak edib.
Layihə çərçivəsində ölkədə 60 nəfər yerli və xarici müəllimlərin iştirakı ilə 2 konfrans keçirilib ki, bunların biri Bakıda, digəri isə Lənkəranda baş tutub.