Bakı məktəbləri üçün “Rəqəmsal Məktəb” platforması istifadəyə verilir
Müasir
təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasını təmin etmək və interaktiv
və əlçatan etmək məqsədilə milli onlayn təhsil platforması olan “Rəqəmsal
Məktəb” fəaliyyətə başlamışdır.
İlkin
mərhələdə “Rəqəmsal Məktəb” platforması Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrində
tətbiq ediləcək. Sözügedən platforma təhsil sistemində müasir texnologiyaların
tətbiqi ilə yanaşı tədris və idarəetmə proseslərini təkmilləşdirmək, həmçinin təhsildə
şəffaflığı artırmaq məqsədi daşıyır.
Platformada
“Şagird”, “Valideyn”, “Müəllim” və “Məktəb rəhbəri”
üçün fərdi kabinetlər mövcuddur. Bu da hər bir istifadəçi qrupunun
ehtiyaclarına uyğun fərdi funksionallıq təqdim edir. “Rəqəmsal Məktəb”
platformasından istifadə etmək üçün şagirdlər, valideynlər, müəllimlər və məktəb
rəhbərləri istənilən cihazdan www.reqemsal.edu.az və yaxud www.digital.edu.az keçidi vasitəsilə fərdi
kabinetlərinə giriş edə biləcəklər.
Platformanın
imkanları
“Şagird”
kabineti
“Şagird” fərdi kabinet platformanın əsas funksional elementlərindən biri olaraq,
şagirdlərə təhsil prosesində daha səmərəli iştirak etmə imkanı yaradır. Bu
kabinetdə hər bir şagird üçün aşağıdakı məlumat və resurslar təqdim edilir:
Ø Günün dərsi: Şagirdlər hər gün üçün fənnlər üzrə təyin olunmuş dərsləri, onların
mövzularını və müvafiq tədris materiallarını öz fərdi kabinetlərindən izləyə
bilərlər.
Ø Gündəlik dərs cədvəli: Şagirdin gündəlik fəaliyyətləri ilə tanış olması üçün dərs cədvəli əlçatan
olacaqdır.
Ø Fənnlər üzrə dərsliklər: Fərdi kabinet vasitəsilə şagirdlər bütün fənnlərə aid dərsliklərə rəqəmsal
şəkildə çıxış əldə edəcəklər.
Ø Mövzular üzrə
videodərslər: Mövzuların daha əhatəli və vizual şəkildə öyrənilməsi
üçün videodərslər təqdim olunacaq.
Ø Mövzuların
izahı: Hər bir mövzunun dərinləşdirilmiş izahı ilə şagirdlər
dərs materialını daha yaxşı mənimsəyə biləcəklər.
Ø Ev tapşırıqları
və izahları: Təyin edilən ev tapşırıqları ilə yanaşı, həm də
onların izahı şagirdlərin istifadəsinə veriləcəkdir ki, bu da tədris prosesini asanlaşdıracaq.
Ø Qvizlər və testlər: Şagirdlərin biliklərini yoxlaması və mövzuları daha yaxşı mənimsəməsi üçün interaktiv qvizlər, testlər və digər qiymətləndirmə vasitələri mövcud olacaqdır.
“Rəqəmsal Məktəb” platformasında ibtidai siniflər üzrə riyaziyyat, azərbaycan dili və ingilis dili fənlərini
əhatə edən 932 mövzu yer alır. 5, 6 və 7-ci sinif şagirdlərinin təhsil
ehtiyaclarını qarşılamaq üçün Azərbaycan dili, Azərbaycan tarixi, təbiət,
coğrafiya, fizika və kimya fənləri olmaqla ümumilikdə 367 mövzu platformaya yerləşdirilmişdir. Digər sinif və fənlər üzrə
mövzuların əlavə edilməsi növbəti mərhələlərdə
nəzərdə tutulmuşdur.
“Valideyn”
kabineti
“Valideyn” kabineti vasitəsilə valideynlər övladlarının təhsil
prosesini yaxından izləmək və onlarla bağlı məlumatlara asan çıxış imkanı əldə
edirlər.
Ø Nailiyyətlərin
və qiymətlərin izlənilməsi: Valideynlər,
övladlarının əldə etdiyi nailiyyətlər, gündəlik qiymətləri və ümumi nəticələr
barədə məlumatlara real vaxt rejimində çıxış əldə edə bilərlər. Bu, şagirdin təhsil
irəliləyişini effektiv şəkildə izləməyə və lazımi tədbirlər görməyə şərait
yaradır.
Ø Birbaşa ünsiyyət
imkanı: Platforma vasitəsilə valideynlər sinif rəhbərləri, fənn
müəllimləri və məktəb rəhbərliyi ilə birbaşa əlaqə saxlaya bilərlər. Bu ünsiyyət
kanalı tədris prosesində qarşılaşa biləcək sualların və ya problemlərin
operativ şəkildə həllinə yardım edir.
Ø Rəy və şərhlərin
izlənilməsi: Valideynlər, övladlarının tədris prosesi ilə bağlı
fənn müəllimləri və sinif rəhbərləri tərəfindən verilmiş rəy və şərhləri görə
bilərlər. Bu, şagirdin təhsildəki güclü və inkişaf etdirilməsi lazım olan tərəfləri
ilə tanış olmaq üçün əhəmiyyətlidir.
Ø Nizam-intizam məlumatları:
Şagirdlərin məktəbdəki davranışlarına dair ayrıca
bölmə mövcuddur ki, bu bölmə vasitəsilə valideynlər övladlarının nizam-intizam
qaydalarına riayət etməsi, məktəbdəki davranışları və mümkün qayda pozuntuları
barədə bildirişləri izləyə bilərlər.
“Müəllim”
kabineti
“Rəqəmsal Məktəb” platformasında “Müəllim” kabineti müəllimlərin gündəlik
iş yükünü tənzimləməklə yanaşı, tədris prosesini nizamlı şəkildə həyata keçirmələrinə
dəstək olur. Eyni zamanda, müəllimlər üçün vacib məlumatlara çıxışı
asanlaşdıraraq, tədris prosesinin idarə olunmasının keyfiyyətini artırır.
Elektron jurnal platformasına birbaşa çıxış vasitəsilə hər müəllim üçün e-Jurnal sisteminə çıxış təmin edilib. Müəllimlər özlərinin gündəlik, həftəlik və aylıq dərs cədvəllərini görə bilir. Bu funksionallıq vasitəsilə müəllimlər dərs saatlarını, sinif otaqlarını və fənnlər üzrə bölgünü rahat şəkildə izləmək imkanı əldə edir. Müəllimlər tədris apardığı siniflərə və qiymətləndirmə bölmələrinə keçid edə bilirlər. Bu, müəllimlərin dərs planlamasını və vaxt idarəsini daha effektiv həyata keçirməsinə şərait yaradır. Bu imkan onlara şagirdlərin nəticələrini izləmək, qiymətləndirmə prosesini daha şəffaf və sistemli şəkildə aparmaq üçün əlverişli şərait yaradır. Elektron jurnal platformasının funksionallığını optimallaşdırmaq məqsədilə yaxın günlərdə e-Jurnal mobil tətbiqi müəllimlərin istifadəsinə veriləcəkdir. Mobil tətbiqin istifadəyə verilməsi müəllimlərin iş yükünü azaltmaqla yanaşı, onların tədris fəaliyyətlərini çevik şəkildə həyata keçirməsinə kömək edəcəkdir.
Elanlar və xəbərlər: Elm və Təhsil Nazirliyinin rəsmi elan və xəbərləri birbaşa “Müəllim” kabinetində yerləşdirilmişdir. Bu, müəllimlərə təhsillə bağlı yeniliklər, mövcud qaydalar və müvafiq tədbirlər barədə operativ məlumat əldə etmək imkanı yaradır. Müəllimlər tədris prosesində baş verən dəyişikliklərdən, yeni metodik göstərişlərdən və peşəkar inkişafla bağlı təklif olunan proqramlardan vaxtında xəbərdar ola bilirlər.
“Direktor” kabineti
“Rəqəmsal Məktəb”
platformasında məktəb rəhbərləri üçün “Direktor” kabineti yaradılmışdır. Direktorlar
platformanın təqdim etdiyi məlumatlar əsasında rəqəmsal tədrisin effektivliyini
qiymətləndirə və davamlı olaraq təkmilləşdirmək üçün təhlillər aparmaq imkanı əldə
edirlər. Bu funksiyalar
məktəb rəhbərlərinə məktəbin idarə edilməsini daha şəffaf, sistemli və effektiv
şəkildə həyata keçirmək imkanı yaradır. Təhlillər və hesabatlar vasitəsilə məktəbin
ümumi inkişaf strategiyalarının hazırlanması və tətbiqi mümkün olur.
Ø Rəqəmsal tədrisin effektivliyinin təhlili və təkmilləşdirilməsi:
Direktor
kabineti vasitəsilə məktəb rəhbərləri öz müəssisələrində fəaliyyət göstərən
pedaqoji heyət və təhsilalanlar haqqında təhsil məlumatlarını izləyə bilərlər.
Bu məlumatlar, tədris planı üzrə dərs saatlarının bölgüsü, fənnlər və siniflər
üzrə dərs cədvəlləri, dərnək və fakültətiv məşğələlərin siniflər üzrə idarəetmənin effektivliyini artırmaq məqsədilə
sistemləşdirilmiş şəkildə təqdim olunur.
Ø Dərs cədvəllərinin idarə edilməsi: Məktəb rəhbərləri,
platforma vasitəsilə məktəbin ümumi dərs cədvəlini, siniflər üzrə bölünmüş tədris
planlarını və gündəlik dərs qrafiklərini izləyə bilərlər.
Ø Şagirdlərin "Şəxsi İş" bölməsi: Platformada hər
bir şagird üçün xüsusi "Şəxsi İş" bölməsi mövcuddur. Bu bölmədə
şagirdlərin şəxsi məlumatları ilə yanaşı qiymətləndirmə nəticələri və ümumi təlim
nailiyyətləri əks olunur. Direktorlar bu məlumatları izləməklə, şagirdlərin
inkişafını sistematik şəkildə təhlil edə bilərlər.
Ø Qiymətləndirmə və imtahan nəticələri: Direktor kabinetində siniflər üzrə keçirilmiş kiçik summativ qiymətləndirmə (KSQ), böyük summativ qiymətləndirmə (BSQ) və digər imtahan nəticələri əks olunur. Bu məlumatlar əsasında direktorlar fənnlər və siniflər üzrə tədris keyfiyyətini təhlil edə və müəssisə səviyyəsində hesabatlar hazırlaya bilərlər.
“Rəqəmsal
Məktəb”
platformasında inkişaf mərhələsi çərçivəsində bir sıra funksionallıqların
artırılması nəzərdə tutulub. Belə ki, hər bir tədris müəssisəsi üzrə valideynlərin
iştirakını artırmaq məqsədilə xüsusi "Valideynlərin
rəyləri" funksiyası tətbiq ediləcəkdir. Platformada hər tədris müəssisəsi
üzrə valideynlər üçün xüsusi bölmə yaradılacaqdır ki, bu bölmədə valideynlər sorğularda
iştirak edəcəklər. Sorğunun keçirilməsində məqsəd təhsil prosesində müəllimlərin
fəaliyyətinə dair valideynlərin rəy və təkliflərini toplamaqdır. Sorğular əsasən
müəllimin dərs izah etmə bacarığı, övladının dərsə marağını artırmaqda müəllimin
rolu, verilən tapşırıqların mütəmadi olaraq yoxlanılması, müəllimin şagirdlərlə ünsiyyət və davranış tərzi
və s. kimi məsələlər əhatə edəcəkdir.