“Microsoft Certified Educator” sertifikasiya proqramında 1307 yerli müəllim iştirak etmişdir

18.04.2024

“Microsoft Certified Educator” sertifikasiya proqramında 1307 yerli müəllim iştirak etmişdir

18.04.2024
Elm və Təhsil Nazirliyi “Microsoft” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində təhsil işçilərinin rəqəmsal bacarıqlarının inkişafı məqsədi ilə təhsilverənlər üçün İKT üzrə ixtisasartırma təlimləri təşkil etmişdir. Məqsəd istənilən fənn müəllimi üçün “Microsoft Certified Educator” (MCE) sertifikasiya proqramında iştirak etmək və beynəlxalq sertifikat əldə etmək fürsətinin yaradılması olmuşdur. Ölkə üzrə 1 307 yerli təhsilverən müxtəlif səviyyələrdə innovativ texnologiya və metodikaların təhsildə tətbiqi üzrə 16 saatlıq təlim proqramramını bitirmişdir.
Beynəlxalq sertifikasiya proqramının ölkə üzrə əhatəliliyini təmin etmək üçün “Microsoft XXI əsrin öyrənmə dizaynı” adlı təlim proqramı və “Certiport” platforması lokallaşdırılaraq Azərbaycan dilinə tərcümə edilmiş və səlahiyyətli imtahan mərkəzi yaradılmışdır. Qeyd edək ki, “Certiport” praktiki sınaq həlləri əsasında akademik səviyyədə ixtisaslaşdırılmış sertifikatlaşdırma imtahanlarını təklif edən dünyada geniş yayılmış platformadır. Bu sertifikatlaşdırma imtahanları dünya üzrə 12 000-dən çox səlahiyyətli imtahan mərkəzinin şəbəkəsi vasitəsilə reallaşdırılır.
Proqramı bitirən təhsilverənlər sadəcə pedaqoji istiqamətdə deyil müxtəlif standartlarda mərkəzləşmiş və təhsilverənlər üçün vacib olan 7 istiqamət üzrə qiymətləndirilmişlər.
“Effektiv pedaqoq olmaq üçün İKT-dən istifadə”, “İnformasiya kommunikasiyası vasitələrindən istifadə”, “Real dünya problemlərinin həlli və innovasiya”, “Özünütənzimləmə”, “Biliyin qurulması”, “Təhsilalanla əməkdaşlıq” və “Bacarıqlı ünsiyyət” modulları üzrə yüksək nəticə göstərmiş müəllimlər “Microsoft Certified Educator” sertifikatına layiq görülmüşlər.
Qeyd etmək istərdik ki, cari tədris ilində proqramın geniş auditoriyada tətbiqi nəzərdə tutulmuşdur.
“Microsoft Certified Educator” sertifikasiya proqramında  1307 yerli müəllim iştirak etmişdir