Ölkə üzrə 5 700-dən çox pedaqoji heyət üzvü rəqəmsal savadlılığın artırılması istiqamətində təlimlər keçmişdir
Cari ildə 5 742 təhsilverən İKT savadlılığının
artırılması üzrə təlimlərdə iştirak etmişdir. Belə ki, rəqəmsal savadlılığın artırılması
istiqamətində keçirilən təlimlər ölkənin müxtəlif bölgələrini əhatə etmişdir. Ümumtəhsil
müəssisələrinin təhsilverənləri üçün "Microsoft Certified Educator" (“Microsoft
sertifikatlı pedaqoq”) və “ICDL Kompüter və Onlayn Bacarıqlar” imtahanı
vasitəsi ilə müəllimlərin bilik və bacarıqlarının yoxlanması istiqamətində
təlimlər təşkil edilmişdi.
MCE sertifikasiyası pedaqoji işçilərin dayanıqlı
texnoloji savadlılığını qiymətləndirmək, müxtəlif səviyyələrdə innovativ
texnologiya və metodikaların təhsilə tətbiqini öyrənmək məqsədi daşıyan
beynəlxalq proqramdır. Təlim proqramının sonunda təlimdə iştirak edən
təhsilverənlər MCE sertifikasiya imtahanında iştirak edirlər.
“ICDL
Kompüter və Onlayn Bacarıqlar imtahanı” əsas rəqəmsal bacarıqları
qiymətləndirən beynəlxalq sertifikasiya proqramının bir hissəsidir. Bu modul
kompüterlərdən və onlayn alətlərdən effektiv və təhlükəsiz istifadə ilə bağlı
əsas konseptləri və praktiki bacarıqları əhatə edir. Sertifikasiya proqramı ICDL
Fondu tərəfindən həyata keçirilir və ICDL Sertifikatlaşdırma standartlarının
yaradılmasına və saxlanmasına, kurikuluma, qiymətləndirmə meyarlarına və qlobal
çərçivəyə nəzarət etmək üçün məsul qurumdur. ICDL sertifikatı işəgötürənlər və
qurumlar tərəfindən beynəlxalq səviyyədə tanınan imtahandır və Keyfiyyət
Təminatı Standartlarına (QAS) malikdir.