Naxçıvanda “Kiber Suverenlik” konfransı keçirilib
Azərbaycan Kibertəhlükəsizlik
Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Milli Kibertəhlükəsizlik Mərkəzi
və “Caspel” MMC-nin tərəfdaşlığı ilə Naxçıvanda “Konstitusiya və Suverenlik
İli” çərçivəsində “Kiber Suverenlik” mövzusunda konfrans keçirilib. Ölkədə bu
istiqamətdə təşkil olunan ilk tədbir kimi konfrans kibertəhlükəsizlik sahəsində
müzakirələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Konfransda Elm və Təhsil
Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal
Xanlarov da iştirak edib. O, çıxışında kibertəhlükəsizlik sahəsində insan
kapitalının inkişafı və təhsil-sənaye əməkdaşlığının strateji əhəmiyyəti barədə
fikirlərini bölüşüb.
Vüsal Xanlarov qeyd edib ki,
hazırda ölkənin 16 ali təhsil müəssisəsində təxminən 2,500 tələbə informasiya
təhlükəsizliyi üzrə bakalavr təhsili alır. Bundan əlavə, 1,000-ə yaxın
magistrant kibertəhlükəsizlik üzrə ixtisaslaşmış proqramlarda təhsilini davam
etdirir. Çıxışda vurğulanıb ki, mentorluq, təcrübə proqramları və real
layihələrə inteqrasiya vasitəsilə sənaye nümayəndələrinin təhsil prosesinə
erkən mərhələdən cəlb olunması məqsədyönlü kadr hazırlığına və milli
kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsinə xidmət edir.
“Kibertəhlükəsizlik sahəsində
təhsil alan gənclərlə sənaye qurumlarının qarşılıqlı əməkdaşlıq modellərini
formalaşdırması, əmək bazarının real tələblərinə uyğun praktiki bacarıqların
inkişaf etdirilməsi xüsusi önəm daşıyır,” – deyə Vüsal Xanlarov əlavə edib.
Konfrans çərçivəsində
keçirilən panel və təqdimatlarda kibersuverenliyin təşviqi, milli rəqəmsal
təhlükəsizliyin gücləndirilməsi və bu sahədə institusional əməkdaşlığın
əhəmiyyəti geniş müzakirə olunub. Tədbir kibertəhlükəsizlik sahəsində milli
strategiyaların təkmilləşdirilməsinə töhfə verən mühüm platforma kimi
qiymətləndirilib.