“Rəqəmsal məktəb” platformasında valideyn məmnuniyyətinə dair sorğu keçirilir

19.12.2025

“Rəqəmsal məktəb” platformasında valideyn məmnuniyyətinə dair sorğu keçirilir

19.12.2025

Bakı şəhəri üzrə dövlət ümumi təhsil müəssisələrində tətbiq olunan “Rəqəmsal məktəb” platformasında “Məktəb sorğusu” bölməsi vasitəsilə valideyn məmnuniyyətinə dair sorğu həyata keçirilir.

Sorğunun məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi, məktəb–valideyn əməkdaşlığının gücləndirilməsi, idarəetmənin və tədris prosesinin daha səmərəli təşkili, eləcə də effektiv kommunikasiya imkanlarının genişləndirilməsindən ibarətdir.

Platformada istifadəyə verilmiş yeni funksiya valideynlərə məktəbin fəaliyyətini birbaşa rəqəmsal mühitdə qiymətləndirmək imkanı yaradır. Sorğunun nəticələri ümumi təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, mövcud ehtiyacların müəyyənləşdirilməsi və müvafiq qərarların qəbulunda əsas göstərici kimi istifadə olunacaq.

Sorğuda valideyn yalnız övladının təhsil aldığı təhsil müəssisəsi ilə bağlı rəy bildirə bilər. Əgər valideynin iki və ya daha çox övladı müxtəlif məktəblərdə təhsil alırsa, bu halda valideynə hər bir məktəb üzrə ayrıca rəy bildirmək imkanı təqdim olunur.

Qeyd edək ki, “Rəqəmsal məktəb” platforması müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasını təmin etmək, valideyn–məktəb əlaqələrini daha əlçatan etmək, qiymətləndirmə prosesini rəqəmsallaşdırmaq və təhsildə şəffaflığı artırmaq məqsədlərinə xidmət edir.

Hazırda “Rəqəmsal məktəb” platformasından ümumilikdə 685 mindən çox istifadəçi yararlanır. Onlardan 39 min nəfəri müəllim, 379 min nəfəri şagird və 267 min nəfəri valideyndir.

Platformadan istifadə zamanı şagirdlər, valideynlər, müəllimlər və məktəb rəhbərləri kompüter, planşet və ya mobil telefon vasitəsilə www.reqemsal.edu.az və ya www.digital.edu.az keçidləri vasitəsilə öz fərdi kabinetlərinə rahatlıqla daxil ola bilərlər.

“Rəqəmsal məktəb” platformasında valideyn məmnuniyyətinə dair sorğu keçirilir